media-1418292068

Çeçen xalqının azadlıq mübarizəsinin simvoluna çevrilən Cövhər Dudayev həm hərbçi, həm də siyasi lider kimi tarixdə iz qoymuş şəxsiyyətlərdən biridir.

ERAmedia xəbər verir ki, Dudayev sürgündə keçən ağır uşaqlıq illərinə baxmayaraq, iradəsi və vətən sevgisi ilə milyonlarla insanın qəlbində xüsusi yer qazanıb. Sovet ordusunda yüksək rütbəyə qədər yüksələn Dudayev sonradan xalqının azadlığı uğrunda mübarizəyə qoşuldu. Moskvanın əmrlərinə boyun əyməyərək Baltikyanı xalqlara qarşı güc tətbiqindən imtina etməsi onun prinsipial mövqeyini göstərib. Çeçenistanın istiqlalı uğrunda apardığı mübarizə onu Qafqaz tarixinin ən məşhur simalarından birinə çevirib.

Cövhər Dudayev 1944-cü ilin fevralında Çeçenistanın Yalxoy kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Sibirdə sürgünə göndərilərkən o, cəmi 15 günlük körpə idi. O, sonralar bu tarixi faciəni belə xatırlayırdı:

“Uşaqlıqdan çox ciddi tərbiyə aldım. Nə üçün sürgündə yaşadığımızı, niyə Vətənimizdən uzaq salındığımızı anamdan və böyüklərdən öyrəndim. Oyun oynayarkən belə Vətəni xəyal edir, bir gün azad şəkildə torpağımıza qayıdacağımıza inanırdıq. Uşaqlarımıza bu işğal və zülmü unutdurmamaq lazım idi. Mən çeçen olduğumu heç vaxt unutmadım.”

Onun uşaqlıq illəri Sibirdə çox ağır keçdi. Orta təhsilini orada başa vurdu. Daha sonra hərbi akademiyanı bitirərək birinci dərəcəli pilot və mühəndis ixtisası qazandı. Sovet ordusunda xidmət etdiyi dövrdə 12 medalla təltif olundu və tümgeneral rütbəsinə qədər yüksəldi. O, Sovet Strateji Hava Qüvvələrində diviziya komandiri olan ilk çeçen kimi tarixə düşdü.

Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücü ilə yatırmaq üçün Moskvadan əmr alsa da, Dudayev bu əmri yerinə yetirmədi. O, “Azadlığı uğrunda mübarizə aparan xalqa bomba atmaram” deyərək əmrdən imtina etdi. Moskva isə bu itaətsizliyi bağışlamadı və onu Çeçenistana göndərdi.

1990-cı ilin mayında vəzifəsindən istefa verdi. Həmin ilin noyabrında Çeçen Xalq Qurultayına dəvət edildi və sonradan “Çeçen Xalq Konqresi” adlanan qurumun İdarə Heyətinin sədri seçildi. 1991-ci ildə Çeçenistanın müstəqilliyini elan etdi və xalqın liderinə çevrildi.

Rusiyanın hərbi müdaxiləsinə qarşı çıxan Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqını müqavimətə çağırdı. Çeçen xalqı iki ilə yaxın davam edən ağır mübarizə apardı və bu savaş Qafqaz tarixində mühüm yer tutdu.

21 aprel 1996-cı ildə rus qüvvələri onun olduğu ərazini raketlə vurdu və Cövhər Dudayev həlak oldu. Müxtəlif mənbələrə görə, onun yerinin müəyyən edilməsində telefon siqnallarından istifadə olunmuşdu.

Vüsalə


media-adspc

Bənzər xəbərlər