media-c2d47801-d48f-469d-b7c4-b70daf6d06e1
media-bant_master

İsrail və Suriya arasında mübahisəyə səbəb olan Qolan təpələri hər iki ölkənin gündəmindədir.

ERAmedia bildirir ki, İsrail hökuməti bir neçə həftə əvvəl Qolan təpələri sərhədindəki hərbi bazalara səfərlər edərək bölgədən imtina etməyəcəklərini bəyan edib.

İsrailli hərbçilər isə Hermon bölgəsinə gedərək əraziyə yerləşmək üçün hərəkətə keçdiklərini açıqlayıb, “Gəlin bu torpaqları ələ keçirək, çünki bunu asanlıqla edə bilərik. Biz Hermon bölgəsinə göndərilən ilk heyətik. İsrail xalqı adından Başan bölgəmizə (Qolan təpələrinin Tövratdakı adı -red. ) yerləşməyə gəldik” deyiblər.

Bölgədə İsrailin aktivliyi artdığı bir vaxtda Suriyanın BMT-dəki Daimi Nümayəndəsi, səfir İbrahim Ulabi işğal altındakı Qolan təpələrinin Suriya torpağı olduğunu vurğulayaraq ölkəsinin bu ərazinin tamamını İsraildən geri almaq hüququna malik olduğunu bildirib.

Suriya dövlət televiziyası “Əl-İhbariyə”nin xəbərinə görə, Ulabi hər iki tərəfin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq məqsədilə Suriyanın İsraillə danışıqlarının ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə aparıldığını deyib.

İsraillə aparılan bu danışıqlarda işğal altındakı Qolan təpələrinin gələcəyinin heç bir şəkildə müzakirə olunmadığını bildirən Ulabi Suriyanın sülh yolu və diplomatik vasitələri ən böyük prioritet kimi gördüyünü diqqətə çatdırıb.

Qolan təpələri iki ölkə arasında ciddi gərginliklərə səbəb olub, 1974-cü ildə isə BMT-nin “Hərbi qüvvələrin çəkilməsi” Anlaşması çərçivəsində bufer zona elan edilib.

İsrail hökuməti isə qeyri-qanuni şəkildə işğal cəhdlərini davam etdirərək beynəlxalq qərarlara məhəl qoymamaqda israr edib.

İsrail Qolan təpələrini birtərəfli qaydada ilhaq etdiyini elan etsə də, beynəlxalq ictimaiyyət bu qərarı bu günə qədər tanımayıb.

İsrailin baş naziri Binyamin Netanyahu son günlərdə Suriya ilə bir razılaşmaya nail ola biləcəklərini söyləyərək, Suriya rəsmilərinin Şamdan başlayaraq hazırda İsrailin işğalı altında olan Cəbəl əş-Şeyxə qədər uzanan silahsızlaşdırılmış tampon zona yaratması gözləntisini dilə gətirib.

“İsrael Hayom” qəzeti isə Suriyanın qlobal nüfuz mübarizəsinin döyüş meydanına çevrildiyini, Türkiyənin bölgədə sülh üçün çalışdığını qeyd edib.

“Eyni zamanda Rusiya, Qolanda mövcudluğunu yenidən bərpa etmək də daxil olmaqla Suriyada və Suriya üzərindəki təsirini yenidən qurmağa çalışır. Moskvanın, ABŞ-ın uzunmüddətli strategiyalar formalaşdırdığı Qəzza Zolağına bənzər bir vəziyyətin qarşısını almağı hədəflədiyi güman edilə bilər”, – qəzet yazıb.

Qəzet bölgədəki İsrail Müdafiə Qüvvələrinin mövcudluğunun Qolan sərhədinin şərqindəki hazırlıq və əməliyyat imkanları ilə əlaqədar strateji əhəmiyyət daşıdığını vurğulayaraq, “Bu əməliyyat konsepsiyası Orde Uingeytdən Moşe Dayan və Yigal Allona qədər 1938-ci il Xüsusi Gecə Birliklərinə ötürülən və yaşayış məntəqələrinin sərhədlərindən kənarda proaktiv əməliyyatlara, eləcə də ərəb kəndlərinə edilən basqınlara əsaslanan taktikalara söykənir” deyə bölgədəki əməliyyatlara diqqət çəkib.

ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak çərşənbə axşamı Şamda Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə Suriya–İsrail münasibətlərini müzakirə etmək üçün görüş keçirib.

İsrail və Suriya aylarla davam edən danışıqlar aparır, lakin İsrail mediası son vaxtlarda iki ölkə arasındakı danışıqların dalana dirəndiyini, xüsusilə Netanyahunun İsrailin son bir ildə ələ keçirdiyi ərazilərdən geri çəkilməyi rədd etməsi səbəbilə prosesin dayanma nöqtəsinə gəldiyini yazır.

İsrailin gələcəkdə ehtiyac yarandığı halda Suriya üzərindən İrana hava hücumu üçün hava dəhlizi təmin edilməsinə icazə verilməsini də tələb etdiyi bildirilir.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər