media-whatsapp-image-2026-09-28-at-11-38-18

Avropada artan avtomobil sayı və nəqliyyat sıxlığına qarşı diqqətçəkən tətbiq başladılıb.

ERAmedia xəbər verir ki, ölkə rəhbərliyi yollardakı avtomobillərin sayını mərhələli şəkildə azaltmaq məqsədilə sürücülərə maddi dəstək göstərilməsi barədə qərar qəbul edib. “Sözcü”nün məlumatına görə, yeni tətbiq çərçivəsində müəyyən müddət ərzində avtomobil idarə etməkdən imtina etməyə razı olan sürücülərə təxminən 33 min avro maliyyə dəstəyi veriləcək.

Lakin ödənişi almaq üçün yalnız sürücülük vəsiqəsini təhvil vermək kifayət etməyəcək. Yaş, ölkədə yaşayış müddəti və sürücülük vəsiqəsinin keçmişi kimi bir sıra şərtlər tələb olunacaq. Nəqliyyat sıxlığını azaltmağı hədəfləyən tətbiq “Sürücülük vəsiqəsinin təhvil verilməsi proqramı” adı ilə qüvvəyə minib.

Layihə ilə avtomobillərdən istifadənin azaldılması, havanın çirklənməsinin qarşısının alınması və ictimai nəqliyyatın vətəndaşlar üçün əsas alternativlərdən birinə çevrilməsi hədəflənir. Proqram çərçivəsində şərtlərə cavab verən və sürücülük vəsiqəsini könüllü şəkildə təhvil verən şəxslərə maliyyə dəstəyi göstəriləcək.

Tətbiqdən 30 yaş və ya daha kiçik sürücülər yararlana biləcək. Sürücülük vəsiqəsini könüllü şəkildə təhvil verən şəxslər 5 il ərzində avtomobil idarə etməyəcəklərini öhdələrinə götürməlidirlər. Təxminən 33 min avro məbləğində dəstək birdəfəlik deyil, illik hissələrlə ödəniləcək.

Beşillik müddət başa çatmadan qərarından imtina edərək yenidən avtomobil idarə etmək istəyən şəxslər aldıqları vəsaiti geri qaytarmalı olacaqlar. Proqrama müraciət edənlər üçün yalnız yaş şərti qoyulmayıb. Namizədlər proqramın tətbiq olunduğu ölkədə ən azı 7 il fasiləsiz yaşamış olmalıdırlar.

Bundan əlavə, müraciətçinin ən azı 1 il müddətində qüvvədə olan sürücülük vəsiqəsinə sahib olması və vəsiqəsinin daha əvvəl hər hansı səbəbdən ləğv edilməməsi tələb olunur. Proqram üçün hökumət tərəfindən illik 5 milyon avro büdcə ayrılıb. Tətbiqdən hər il maksimum 1 000 nəfərin yararlana biləcəyi açıqlanıb.

Sürücülərə təxminən 33 min avro məbləğində dəstək verəcək proqramı həyata keçirən ölkə Maltadır.

Avropanın ərazi baxımından ən kiçik ölkələri sırasında yer alan Malta, eyni zamanda qitədə avtomobil sıxlığının yüksək olduğu bölgələrdən biridir. Ölkə rəhbərliyi yeni proqram vasitəsilə yollardakı avtomobillərin sayını azaltmağı və vətəndaşları ictimai nəqliyyatdan istifadəyə təşviq etməyi qarşıya məqsəd qoyub.

Sürücülük vəsiqəsini təhvil verərək proqrama qoşulan şəxslər beşillik müddət başa çatdıqdan sonra yenidən sükan arxasına keçə biləcəklər.

Lakin yenidən avtomobil idarə etmək istəyənlər ən azı 15 saatlıq sürücülük dərsi keçməlidirlər. Beləliklə, proqram çərçivəsində beş il ərzində avtomobil idarə etməyən sürücülərin yenidən yola çıxmazdan əvvəl təlim keçməsi tələb olunacaq.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər