Şuşa sakinlərinə tibbi xidmətlər göstərildi
Böyük Qayıdış Proqramı çərçivəsində Səhiyyə Nazirliyi işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə Şuşada tibbi aksiya keçirib.
ERAmedia xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ixtisaslaşmış tibb heyəti tərəfindən yerli sakinlərə kompleks tibbi xidmətlər göstərilib. Müayinələr xüsusi avadanlıqlarla təchiz olunan səyyar klinikada aparılıb və modul tipli mobil laboratoriyanın imkanları sayəsində müxtəlif diaqnostik xidmətlərin yerində həyata keçirilməsi təmin edilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa diaqnostikası və laboratoriya üzrə mütəxəssislər tərəfindən flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantou sınağı və arterial qan qazlarının analizi kimi müayinələr icra olunub. Müayinələr zamanı aşkarlanan sağlamlıq problemləri olan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə təyin edilib və ixtisaslaşmış həkimlərə yönləndirmə aparılıb.
Tədbir zamanı ümumilikdə 180-ə yaxın Şuşa sakini tibbi müayinələrdən keçib. Eyni zamanda, iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, erkən əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, işğaldan azad olunmuş digər ərazilərdə də analoji səyyar müayinə və maarifləndirmə tədbirlərinin davam etdirilməsi planlaşdırılır. Bu tədbirlər əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin regionlarda daha geniş əhatə olunmasına xidmət edir.










