Şuşa şəhəri regionun turizm mərkəzlərindən birinə çevrilir
Yaxın vaxtlarda Şuşanın 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı elan olunması gözlənilir.
Bunu İƏT-in baş katibi Əsəd Məcid Xan Şuşada keçirilən Kulinariya və Qastronomiya Festivalında deyib.
Onun sözlərinə görə, Şuşa şəhəri regionun turizm mərkəzlərindən birinə çevrilir:
“Burada keçirilən qastronomiya festivalı region ölkələrini birləşdirən ortaq dəyərləri əks etdirir. Burada təqdim olunan yeməklərə baxan zaman ölkələrimiz arasında nə qədər çox oxşarlıqların olduğunu görmək mümkündür. Bu festival bizi birləşdirən əsas dəyərlərin təcəssümüdür”.
İƏT-in baş katibi əlavə edib ki, yaxın vaxtlarda Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması gözlənilir və bununla bağlı rəsmi qərar sabah keçiriləcək nazirlər görüşündə veriləcək:
“Bu status Şuşanın zəngin mədəni irsinin, gözəlliklərinin və şəhər sakinlərinin qonaqpərvərliyinin daha geniş təqdim olunmasına imkan yaradacaq. Biz Şuşanın region üzrə tanıdılması istiqamətində sıx əməkdaşlıq etməyə hazırıq”.










