Şuşada 12 çoxmənzilli bina inşa olunur - FOTO
Şuşa şəhərində tikinti-quruculuq işləri davam etdirilir. Şəhərdə tarix və mədəniyyət abidələrinin bərpası, infrastrukturun yenidən qurulması ilə yanaşı, çoxmənzilli yaşayış binalarının tikintisi də həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin olunması üçün hazırda D 3 və D 4 yaşayış massivlərində çoxmənzilli binalar inşa olunur.
ERAmedia xəbər verir ki,Şuşa şəhərində çoxmənzilli yaşayış binalarının tikildiyi D 4 yaşayış massivinin ərazisində görülən işlərlə maraqlanıb. Hazırda yaşayış massivində inşa olunan binalarda dəmir-beton konstruksiyaların quraşdırılması sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Bununla paralel olaraq xarici divarların hörgüsü də həyata keçirilir.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Rza Abdullayev bildirib ki, D 4 yaşayış massivində 12 çoxmənzilli yaşayış binası inşa olunur. 3 və 4 mərtəbədən ibarət binalar 212 mənzildən ibarətdir. Mənzillər 2,3,4 və 5 otaqlı layihələndirilib. Yaşayış massivinin layihəsində binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. Hər binada lift və avtodayanacaq mövcuddur. Ərazidə uşaq meydançaları, yaşıllıqlar və yağış sularının toplanması üçün süni göllər də layihələndirilib.
D 4 yaşayış massivində 80 kubmetr tutumu olan 1 ədəd yeraltı su anbarı və nasosxananın, həmçinin mərkəzləşdirilmiş istilik sistemi üçün qazanxana binasının inşası da nəzərdə tutulur.
Qeyd edək ki, Şuşa şəhərində birinci yaşayış kompleksi 2024-cü ildə istifadəyə verilib. 23 binadan ibarət bu yaşayış kompleksində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib.









