media-tofiq-abbasov-politoloq

Şuşa Azərbaycanın həm tarixi, həm də milli-mənəvi yaddaşında müstəsna əhəmiyyət daşıyan şəhərdir. Bu baxımdan, şəhərin tarixi simasının, təbii relyefinin, qala divarlarının və daşlarının qorunması hər bir vətəndaşın üzərinə ciddi məsuliyyət qoyur.

ERAmedia xəbər verir ki, bu fikirləri politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Şuşa Azərbaycan xalqının tarixində mühüm qəhrəmanlıq səhifələrinin yazıldığı məkandır. Burada müxtəlif dövrlərdə böyük toqquşmalar və müharibələr baş verib, Azərbaycan xalqının mübarizlik və dövlətçilik ənənələri özünü qabarıq şəkildə göstərib.

“Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən parlaq qəhrəmanlıq səhifələrindən biridir. Şəhərin işğaldan azad olunmasından sonra şəhərin tarixi simasının bərpası istiqamətində geniş işlər aparılır. Peşəkar memarlar və şəhərsalma mütəxəssisləri Şuşanın küçələrini, meydanlarını və digər məkanlarını ayrı-ayrılıqda nəzərdən keçirərək şəhərin tarixi görkəminin qorunması və ona yeni nəfəs verilməsi istiqamətində mühüm işlər həyata keçirirlər. Belə bir şəraitdə Şuşanın tarixi daşlarının və abidələrinin üzərinə müxtəlif yazıların həkk edilməsi yolverilməzdir. Bəzi insanlar bunu qəhrəmanların adlarını əbədiləşdirmək məqsədi ilə etsələr də, tarixi abidələrin və daşların üzərinə özbaşına yazılar yazmaq düzgün yanaşma deyil. Çünki bunlar Şuşanın daşları, Şuşanın qala divarlarıdır. Şəhərin özünəməxsus təbii relyefi və tarixi görkəmi var. Ona müdaxilə etmək, onu eybəcərləşdirmək yolverilməzdir”, – deyə politoloq vurğulayıb.

O qeyd edib ki, tarixi abidələrin üzərinə yazı yazan insanlar ilk növbədə öz tarixlərinə və mədəni irslərinə zərər vururlar. Bəzən bunu edən şəxslər öz hərəkətlərinin mahiyyətinin fərqinə varmaya bilərlər. Lakin bu cür davranışlar Şuşanın tarixi görünüşünə xələl gətirir.

T.Abbasov vurğulayıb ki, Azərbaycan xalqı əldə etdiyi Qələbəyə layiq davranmalı, onun qədrini bilməli və bu Qələbənin tarixini gələcək nəsillərə düzgün şəkildə çatdırmalıdır. Bunun üçün qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, Şuşanın tarixi-mədəni simasının qorunması da ağıllı, təmkinli və mədəni formada həyata keçirilməlidir.


media-adspc

Bənzər xəbərlər