media-33411e9416be4b8bb2741b939625acbc41220235513985

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, jurnalist Xanoğlan Əhmədov uzun illərdir “Embavood” şirkətinin müştərisi olmasına baxmayaraq, son sifarişi üzrə ciddi problemlərlə üzləşib.

Xanoğlan Əhmədov ERAmedia-ya açıqlamasında bildirib ki, bu ilin yanvarın 2-də “İnşaatçılar” metrosu yaxınlığında yerləşən şirkətə məxsus mağazadan giriş dolabı və mətbəx mebeli sifariş edib. Sifariş “Embafinans” vasitəsilə onlayn kreditlə rəsmiləşdirilib, lakin müqavilə müəyyən səbəblərdən gec imzalanıb.

Xanoğlan Əhmədov qeyd edib ki, mebellər quraşdırıldıqdan sonra xüsusilə mətbəx dəstində ciddi keyfiyyət qüsurları və montaj işlərində nöqsanlar aşkarlanıb. Onun sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı sifarişi rəsmiləşdirən əməkdaşa müraciət etsə də, problem həll olunmayıb.

Daha sonra bank tərəfindən müqavilə ilə bağlı əlaqə saxlanıldığını və həmin zaman mövcud qüsurlar barədə məlumat verdiyini bildirən şikayətçi, ilkin mərhələdə ustaların onunla əlaqə saxlayaraq video material istədiyini, daha sonra isə yerində baxış keçirildiyini deyib. Lakin bunun ardınca hər hansı real tədbirin görülmədiyini vurğulayıb.

Şikayətçi əlavə edib ki, şirkətin qaynar xəttinə də müraciət etdikdən sonra Seyran adlı əməkdaş onunla əlaqə saxlayaraq yenidən video sübutlar tələb edib, lakin məsələ yenə də həllini tapmayıb. Onun sözlərinə görə, sonradan “WhatsApp” vasitəsilə göndərilən səs mesajında qüsurların müştəri tərəfindən istifadə zamanı yarandığı iddia olunub.

Xanoğlan Əhmədov bu iddianı qəbul etmədiyini bildirib və mebeldəki qüsurların müxtəlif hissələrdə, o cümlədən yuxarı bölmələrdə də müşahidə olunduğunu, bunun isə istifadə ilə izah olunmasının mümkün olmadığını qeyd edib.

O, həmçinin vurğulayıb ki, mövcud qüsurların aradan qaldırılması böyük maliyyə tələb etmir, lakin məsələ ilə bağlı şirkətin laqeyd yanaşması onu narazı salıb. Şikayətçi problemin həll olunmaması halında məhkəməyə müraciət edəcəyini də istisna etməyib.

ERAmedia saytı yazıdan qeyd edilən fikirlərlə bağlı adı çəkilən şirkətin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.


media-adspc

Bənzər xəbərlər