Tarın sehrini nota köçürən sənətkar
Azərbaycan musiqi tarixində elə sənətkarlar var ki, onların adı böyük təmtəraqla deyil, yaratdıqları əsərlərlə yaşayır. Belə sənətkarlardan biri də bəstəkar və tarzən Adil Gəraydır. Onun musiqisi illər keçsə də, xalqın yaddaşında yaşayır, müxtəlif nəsilləri milli musiqi ilə bağlamağa davam edir.
ERAmedia xəbər verir ki, Adil Gəray həm bəstəkar, həm ifaçı, həm də pedaqoq kimi Azərbaycan musiqisinə mühüm töhfələr verib. O, yaradıcılığında milli musiqi ənənələrini qoruyaraq, onları yeni nəfəs və üslubla təqdim etməyi bacarıb. Xüsusilə tar aləti üçün yazdığı əsərlər musiqiçilər tərəfindən bu gün də böyük maraqla ifa olunur.
Sənətkarın həyatında ən mühüm mərhələlərdən biri böyük bəstəkar Üzeyir Hacıbəyov ilə bağlı olub. Adil Gəray Azərbaycan Dövlət Konservatoriyasında məhz Üzeyir bəyin sinfində təhsil alaraq milli musiqinin incəliklərini dərindən mənimsəyib. Bu məktəb onun gələcək yaradıcılığına ciddi təsir göstərib.
O, uzun illər Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində çalışaraq milli musiqinin inkişafına xidmət edib. Həmçinin gənc tarzənlərin yetişməsində böyük rol oynayıb. Bir çox məşhur ifaçılar onun yetirməsi olub və Adil Gərayın pedaqoji fəaliyyəti Azərbaycan tar məktəbinin formalaşmasına əhəmiyyətli təsir göstərib.
Bəstəkarın “Yar gəldi”, “Bizim qızlar”, “Ana kəndim” kimi mahnıları bu gün də sevilərək dinlənilir. Onun “Bağçakürd”, “Qaytağı”, “Cəngi”, “Şahnazsayağı” kimi instrumental əsərləri isə milli musiqimizin zənginliyini nümayiş etdirən nümunələr sırasındadır.
Adil Gərayın yaradıcılığı Azərbaycan musiqisinin milli ruhunu yaşadan qiymətli irslərdən biridir. Onun əsərləri yalnız bir dövrün deyil, bütöv bir musiqi məktəbinin yaddaşı kimi dəyərləndirilir. Bu gün sənətkarın doğum günü münasibətilə onun Azərbaycan musiqisinə bəxş etdiyi zəngin irs bir daha ehtiramla xatırlanır.
Vüsalə










