Tarixçi alim: Bu tip paylaşımlar dini və tarixi mövzularda çaşqınlıq yaradır
Sosial şəbəkələrdə son dövrlərdə geniş yayılan və “Fransada, Luvr muzeyində saxlanılan İmam Əli (ə) təsviri” kimi təqdim edilən foto ilə bağlı yeni açıqlama verilib.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev, ERAmedia-ya verdiyi açıqlamada bildirib ki, yayılan bu iddialar tarixi və faktoloji baxımdan düzgün deyil və foto tamamilə başqa bir şəxsə aiddir.
Onun sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan həmin görüntü XIX əsrin sonlarında Qacarlar dövründə Tehranda çəkilmiş bir saray fotoşəkli ilə əlaqələndirilir. Zaur Əliyev qeyd edir ki, həmin təsvir guya “Pəhləvan Əkbər Xorasanı” və ya Qacar sarayının məşhur güləşçilərindən biri kimi tanınan bir idmançının fotoşəklidir. Mənbələrdə bu şəxsin adı bəzən fərqli formalarda çəkilsə də, ümumi qənaət onun saray pəhləvanı olduğu istiqamətindədir.
Zaur Əliyev əlavə edib ki, bu foto illər sonra rənglənərək və dəyişdirilərək müxtəlif sosial şəbəkələrdə yanlış şəkildə “İmam Əlinin gənclik portreti” kimi təqdim olunub. Onun sözlərinə görə, bu cür iddiaların heç bir elmi və ya muzey sənədi əsası yoxdur və Luvr və ya digər tanınmış muzeylərin kolleksiyalarında belə bir əsər mövcud deyil.
Açıqlamada həmçinin vurğulanır ki, İslam tarixi mənbələrinə görə, nə Peyğəmbərimiz Hz.Məhəmməd (s), nə də səhabələr və İmam Əli (ə) barədə dövrümüzə orijinal portret və ya rəsmi təsvirlər gəlib çatmayıb. Bu səbəbdən onlara aid edilən vizual təsvirlərin sonradan yaradılmış bədii və ya kommersiya məqsədli əsərlər olduğu bildirilir.
Mütəxəssis sosial şəbəkə istifadəçilərini belə paylaşımlara qarşı diqqətli olmağa çağıraraq, tarixi mövzularla bağlı məlumatların yalnız etibarlı mənbələrdən yoxlanılmasının vacibliyini vurğulayıb.
Zaur Əliyevin sözlərinə görə, son illərdə yayılan bəzi digər təsvirlər, o cümlədən “yaşlı saqqallı İmam Əli portreti” kimi təqdim edilən rəsmlər də müxtəlif rəssamların sonrakı dövrlərdə yaratdığı bədii interpretasiyalardır və tarixi orijinallıq daşımır.
Mövzu ilə bağlı müzakirələr sosial şəbəkələrdə davam edir və ekspertlər bu tip saxta vizual materialların dini və tarixi anlayışlarda yanlış təsəvvür yaratdığını bildirirlər.










