Tarixdən gələn kadr: Azərbaycan ailəsinin XIX əsrə aid unikal görüntüsü
XIX əsrə aid olduğu bildirilən milli geyimli azərbaycanlı kişi və xanımın əks olunduğu nadir fotoşəkil sosial şəbəkələrdə maraqla qarşılanıb.
ERAmedia xəbər verir ki, tarixi kadr Azərbaycanın zəngin milli geyim mədəniyyətini, ailə dəyərlərini və dövrün fotoqrafiya ənənələrini əks etdirən qiymətli vizual nümunələrdən biri hesab olunur.
Fotoşəkildə kişi ənənəvi Azərbaycan kişi geyimində, kəmərinə qılınc bağlamış vəziyyətdə təsvir olunub. Xanım isə dövrün zövqünü əks etdirən zərif, uzun və bəzəkli milli libas geyinib. Onların ciddi və təmkinli duruşu XIX əsr portret fotoqrafiyasına xas üslubu əks etdirir.
Tarixçilərin fikrincə, bu cür fotoşəkillər təkcə insanların görünüşünü deyil, həm də həmin dövrün geyim mədəniyyətini, ailə münasibətlərini və ictimai ənənələrini öyrənmək baxımından mühüm tarixi mənbələr sayılır.
Paylaşılan nadir görüntü Azərbaycan xalqının zəngin mədəni irsinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini bir daha xatırladır. Qeyd edək ki, fotonun üzərində yalnız “Milli geyimli azərbaycanlı kişi xanımıyla, XIX əsr” qeydi yer alır və onun çəkildiyi məkan, eləcə də fotoqraf barədə dəqiq məlumat təqdim edilmir.

Mələk Onur









