media-whatsapp-image-2026-09-08-at-13-40-49

1635-ci ildə dünya şöhrətli holland rəssamı Rembrandt van Rijn tərəfindən hazırlanmış qravür əsəri sosial şəbəkələrdə yanlış təqdimatla yayılır.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, söhbət Rembrandtın 1635-ci ildə hazırladığı və sənət tarixində “Jan Uytenboqart, Remonstrantların vaizi” kimi tanınan əsərindən gedir. Rijksmuseum və Metropolitan Museum of Art-ın məlumatlarına görə, əsər kətan üzərində yağlı boya deyil, kağız üzərində mis lövhə qravürası — ets və burin texnikaları ilə hazırlanıb.

Zaur Əliyevin sözlərinə görə, əsərdə hollandiyalı ilahiyyatçı və məşhur vaiz Johannes (Jan) Uytenboqart təsvir olunub. O, XVI-XVII əsrlərdə Niderlandda formalaşmış remonstrant dini hərəkatının tanınmış simalarından biri olub. Rijksmuseum da əsəri məhz “Jan Uytenboqart, preacher of the Remonstrants” adı ilə təqdim edir.

“Burada əsas diqqət çəkən məqam əsərin adında işlədilən ‘Arminian’ ifadəsinin bəzi səhifələr tərəfindən ‘Armenian’ sözü ilə qarışdırılmasıdır. Bunlar tamamilə fərqli anlayışlardır. ‘Arminian’ protestantlıq daxilində formalaşmış teoloji istiqamətlə bağlı termindir və adını holland ilahiyyatçı Yakobus Arminiusun soyadından götürür. ‘Armenian’ isə ingilis dilində ‘erməni’ mənasını verir”, – deyə alim bildirib.

Onun sözlərinə görə, bu iki sözün yazılış baxımından oxşarlığından istifadə edərək əsərin adı və təsvirində manipulyasiyaya yol vermək mümkündür. Xüsusilə də əsərin üzərindəki identifikasiya və yazı hissələri təsvirlərdən çıxarıldıqda, əsəri tanımayan şəxsdə yanlış təəssürat yarana bilər.

“Rembrandtın əsərində təsvir olunan şəxs Yan Uytenboqartdır. Onun erməni vaizi kimi təqdim edilməsi sənət əsərinin tarixi və muzey kataloqlarında verilən məlumatlarla uyğun gəlmir”, – Zaur Əliyev vurğulayıb.

Alimin diqqət çəkdiyi digər məqam isə Rembrandtın tam adındakı “Harmenszoon” sözüdür. Holland dilində “Harmenszoon” soyad quruluşunda “Harmenin oğlu” mənasını ifadə edir və bunu “erməni oğlu” kimi izah etmək dilçilik baxımından əsassızdır.

Rəsmi muzey kataloqları da əsərin müəllifini Rembrandt van Rijn, təsvir olunan şəxsi isə Johannes Wtenbogaert kimi göstərir. Əsərin tarixi 1635-ci ildir və əsərin materialı kağız, texnikası isə ets və burin kimi qeyd olunur.

Zaur Əliyev hesab edir ki, belə nümunələr tarixi və sənət əsərlərinin orijinal mənbələrə əsaslanaraq təqdim edilməsinin vacibliyini bir daha göstərir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər