media-comic_history_of_rome_p_240_scipio_aemilianus_cramming_himself_for_a_speech_after_a_hearty_supper

Dünya hərb tarixinin ən böyük strateqlərindən biri hesab olunan, adı Makedoniyalı İsgəndər və Yuli Sezar kimi məşhur sərkərdələrlə yanaşı çəkilən Publi Korneli Ssipion Emilianın həyatı təkcə hərbi zəfərləri ilə deyil, həm də faciəli taleyi ilə tarixdə xüsusi yer tutur.

Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, Atatürk və Napoleon kimi tarixi şəxsiyyətlər də Ssipionun döyüş strategiyalarını öyrənmiş, onu bəşər tarixinin ən görkəmli hərb dühalarından biri kimi qiymətləndirmişlər.

Onun sözlərinə görə, Publi Korneli Ssipion Emilian yalnız böyük sərkərdə deyil, həm də dövrünün ən intellektual simalarından biri olub. Karfagenin məğlub edilməsində həlledici rol oynayan Ssipion Romanın qüdrətinin möhkəmlənməsinə mühüm töhfə verib.

Zaur Əliyev qeyd edib ki, bütün bu xidmətlərinə baxmayaraq, Ssipion sonradan daxili siyasi çəkişmələrin və ictimai rəyin dəyişkənliyinin qurbanına çevrilib. Müharibədən sonra siyasi rəqibləri və əhalinin bir hissəsi onu mənimsəmədə və rüşvətxorluqda ittiham edib. Nəticədə böyük sərkərdə Romanı tərk edərək öz malikanəsinə çəkilib və ömrünün son günlərini tənhalıq içində keçirib.

Tarixçinin sözlərinə görə, Ssipion vəsiyyət edib ki, məzar daşına bu sözlər həkk olunsun: “Nankor vətən, mənim sümüklərimə belə sahib ola bilməyəcəksən!” Bu ifadə onun doğma dövlətindən gördüyü münasibətə etirazının rəmzi kimi tarixə düşüb.

Zaur Əliyev vurğulayıb ki, bu hadisə sonrakı dövrlərdə də bir çox mütəfəkkirlərin diqqətini cəlb edib. O xatırladıb ki, Nikcolo Makiavelli insan təbiəti barədə yazarkən belə deyirdi: “İnsanlar haqqında bunu demək olar: onlar nankordurlar, dəyişkəndirlər, yalançıdırlar, təhlükədən qaçarlar və qazanca hərisdirlər. Sən onlara yaxşılıq etdikcə sənindirlər, lakin ehtiyac anı çatanda dərhal arxa çevirərlər.”

Tarixçi əlavə edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə də Ssipionun həyatına istinad edərək cəmiyyətin ziyalılara münasibətini belə ifadə edib: “Mən xalqımı oyandırmaq üçün hayqırdım. Amma gördüm ki, onlar yatarkən də rahat deyillər, oyananda isə məni daşlamağa başladılar.”

Zaur Əliyevin fikrincə, Publi Korneli Ssipion Emilianın həyatı göstərir ki, tarixin müxtəlif dövrlərində böyük xidmətlər göstərən şəxsiyyətlər belə bəzən siyasi maraqların, daxili çəkişmələrin və dəyişkən ictimai münasibətin qurbanına çevriliblər.


media-adspc

Bənzər xəbərlər