TDT-nin imtahan və qiymətləndirmə əməkdaşlığı da genişləndirilir
İyulun 15-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzlərinin rəhbər heyəti arasında onlayn formatda koordinasiya görüşü keçirilib.
ERAmedia-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, görüşün məqsədi təhsildə qiymətləndirmə və imtahanların təşkili sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı bu il aprelin 10-da imzalanmış Niyyət Protokolunda nəzərdə tutulan məsələlərin müzakirəsi olub.
Görüşdə Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi yanında Milli Test Mərkəzinin direktoru N.A.Bayjanov, Qırğızıstanın Təhsil Nazirliyi yanında Təhsilin Keyfiyyətinin İnkişafı Departamentinin direktoru B.S. Shamshidinova, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) sədri B.A. Ersoy, Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi yanında Bilik və Kvalifikasiyaların Qiymətləndirilməsi Agentliyinin şöbə müdiri J. Nurmatov iştirak ediblər.
DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə çıxışında Türk Dövlətləri Təşkilatı çərçivəsində qiymətləndirmə və imtahan sistemləri sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb. O, üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması, innovativ yanaşmaların tətbiqi və insan kapitalının inkişafına xidmət edən birgə təşəbbüslərin önəmini vurğulayıb.
Görüşdə Niyyət Protokolunda müəyyən edilmiş prioritet istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı imtahan sistemlərinin rəqəmsallaşdırılması, müasir qiymətləndirmə platformalarının inkişafı, test tapşırıqlarının hazırlanmasında və nəticələrin qiymətləndirilməsində süni intellektin tətbiqi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, imtahanların ədalətliliyinin, etibarlılığının və şəffaflığının artırılması məqsədilə birgə elmi tədqiqatların təşviqi, metodoloji yanaşmaların uyğunlaşdırılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin türk dillərinin təşviqi və beynəlxalq səviyyədə tanınmasına xidmət edən, elmi prinsiplərə və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan etibarlı dil qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.










