TDT Nyu-Yorkda bəyanat yayıb
Türk Dövlətləri Təşkilatı (TDT) BMT Baş Assambleyası tərəfindən sentyabrın 12-də qəbul edilən “Fələstin məsələsinin sülh yolu ilə həllinə dair Nyu-York Bəyannaməsinin Təsdiqi və İki Dövlətli Həllin İcrası” qətnaməsi ilə bağlı bəyanat yayıb.
ERAmedia xəbər verir ki, Baş katib Kubanıçbek Ömüraliyevin imzası ilə yayımlanan bəyanatda qətnamənin qəbulunun TDT tərəfindən alqışlandığı bildirilir. Mətndə deyilir: “Qətnamə 142 üzv dövlət tərəfindən dəstəklənib. Həmçinin Fələstin dövlətinin tanınmasına dair son dövrdə atılmış addımları təqdirəlayiq hesab edirəm. Bunun nəticəsində BMT üzv dövlətləri arasında Fələstini tanıyanların sayı 157-yə çatıb. Bu addımlar beynəlxalq hüquq və müvafiq BMT qətnamələri ilə uyğun olaraq Fələstin xalqının qanuni hüquqlarını gücləndirir və ikidövlətli həll əsasında ədalətli, davamlı sülhün təmin olunmasına töhfə verir”.
Baş katib bu təşəbbüsün Qəzzadakı faciəli vəziyyətin sona çatmasına, bölgəyə humanitar yardımın maneəsiz çatdırılmasına, atəşkəsin möhkəmlənməsinə və danışıqların bərpasına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.