Təbiətə 43 min manatdan çox ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
ERAmedia-ya bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Şirvan şəhəri Tofiq İsmayılov küçəsində, İsmayıllı rayonunun İvanovka kəndi və Lənkəran rayonunun Qrumba kəndinin inzibati ərazisində, eləcə də Xocavənd rayonu Zoğalbulaq-Azıx avtomobil yolunun kənarında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 43 min 150 manat məbləğində ziyan dəydiyi müəyyənləşdirilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.










