Tədqiratçılardan uşaqların inkişafı ilə bağlı XƏBƏRDARLIQ
Tədqiqatçılar xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyinin şiddətlənməsi fonunda uşaqların ekstremal istilik dalğalarından “təcili” qorunmaya ehtiyacı var.
ERAmedia-nın məlumatına görə, Nyu-York Universitetində aparılan yeni araşdırma göstərib ki, adi göstəricilərdən yüksək temperatur şəraitində yaşayan uşaqlar daha sərin bölgələrdə böyüyən həmyaşıdları ilə müqayisədə erkən inkişaf mərhələlərində geriləmələrlə üzləşə bilirlər.
Bu nəticələr Kopernikus proqramının Avropa Birliyi alimlərinin 2025-ci ilin böyük ehtimalla tarixdə qeydə alınan ən isti ikinci və ya üçüncü il olacağını bildirdiyi vaxtda açıqlanıb. Yanvar-noyabr aylarında qlobal temperatur sənayeöncəsi dövrlə müqayisədə orta hesabla 1,48°C yüksəlib.
“Journal of Child Psychology and Psychiatry” jurnalında dərc olunan araşdırma Qambiya, Gürcüstan, Malavi, Madaqaskar, Fələstin və Syerra-Leonedən olan 3 və 4 yaşlı 19.607 uşağı əhatə edib. Bu ölkələr uşaqların inkişafı, ailə mühiti və iqlim göstəriciləri ilə bağlı detallı məlumatlara malik olduqları üçün seçilib.
Tədqiqat göstərib ki, eyni bölgə və mövsümdə 26°C-dən aşağı temperaturda yaşayan uşaqlarla müqayisədə, orta maksimal temperaturu 30°C-ni aşan şəraitə məruz qalan uşaqların oxu-yazı və riyazi bacarıqlarla bağlı əsas inkişaf mərhələlərinə çatma ehtimalı 5–6,7% daha aşağıdır.
Bu təsirlər iqtisadi cəhətdən zəif ailələrdə, təmiz suya çıxışı məhdud olan ev təsərrüfatlarında və şəhər mühitində daha aydın görünür.
Araşdırmanın əsas müəllifi olan Xorxe Kuartas bildirir ki, bu təsirlərin səbəblərini və uşaqları ya qoruyan, ya da risk altında qoyan amilləri müəyyən etmək üçün təcili olaraq daha çox araşdırmaya ehtiyac var.
Onun sözlərinə görə, bu cür araşdırmalar iqlim dəyişikliyinin gücləndiyi bir dövrdə hazırlıq, uyğunlaşma və dayanıqlılığın artırılması üçün düzgün siyasət və müdaxilə istiqamətlərinin müəyyən edilməsinə yardım edəcək.
Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) məlumatına görə, insan fəaliyyəti nəticəsində yaranmış iqlim dəyişikliyi 1950-ci illərdən bəri isti hava dalğalarının tezliyini və şiddətini artırıb. Qlobal temperaturda cəmi 0,5°C yüksəliş belə “gözlə görünən artımlara” səbəb ola bilər.
Bu yay iqlim dəyişikliyi Avropanın 854 şəhərində temperaturu maksimum 3,6°C yüksəldib. “Imperial College London” və “London School of Hygiene and Tropical Medicine” tədqiqatçıları müəyyən ediblər ki, yay boyunca Avropada ekstremal isti hava nəticəsində təxminən 24 min 400 nəfər həyatını itirib.
Alimlərin hesablamalarına görə, insan təsirindən qaynaqlanan istiləşmə olmasaydı, bu ölüm hallarının 16 min 500-ü baş verməyə bilərdi. Bu isə əlavə ölümlərin 68%-nin iqlim dəyişikliyi ilə əlaqəli olduğunu göstərir.
“Imperial College London”dan Kler Barns bildirir ki, rəqəmlər çox görünməyə bilər, lakin araşdırma göstərir. Cəmi bir neçə dərəcəlik fərq “minlərlə insan üçün həyat və ölüm arasındakı sərhəddir”.
Barns əlavə edir ki, bu, iqlim dəyişikliyinin gələcəkdə bir gün həll edəcəyimiz məsələ olmadığını xatırladan daha bir xəbərdarlıqdır.
Vural Həsənoğlu










