Təhlükəsizlik böhranı: Bu bölgədə “beşinci cəbhə” açıqla bilər
Dəməşqdə Müdafiə Nazirliyinin Silahlanma İdarəsinin binası minalanmış avtomobilin partladılması nəticəsində hədəfə alınıb. Hadisə zamanı azı bir nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilir.
ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu baş verən hadisənin regionda artan gərginlik fonunda qiymətləndirilməli olduğunu bildirib. Onun sözlərinə görə, hücumun dəqiq müəllifi hələlik məlum deyil, lakin son bir ay ərzində Suriyada, xüsusilə ölkənin şimal-şərqində üç dəfə İŞİD hücumu qeydə alınıb.
Kənan Rövşənoğlu qeyd edib ki, hadisənin baş verdiyi gün Suriya hökumətinin İsrail məhsullarının ölkəyə idxalını qadağan edən qanunu imzalaması da diqqət çəkən məqamlardandır. O hesab edir ki, Suriyada artan silahlı hücumlar və təhlükəsizlik böhranı bölgədəki geosiyasi qarşıdurmalarla birbaşa bağlıdır.
Araşdırmaçı jurnalistin fikrincə, Suriyada yaranan gərginlik həm də BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərdəki ziddiyyətlərin nəticəsi ola bilər. O, İsrail faktorunun da bu prosesdə mühüm rol oynadığını vurğulayıb.
“Körfəz ölkələri arasındakı qarşıdurma ilə yanaşı, İsrailin də Suriyadakı proseslərdə aktiv rol oynadığı görünür. İsrail və BƏƏ bir çox regional məsələlərdə ortaq hərəkət edir”, – deyə Kənan Rövşənoğlu bildirib.
O, həmçinin Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə druz lideri Vəlid Cumbulat arasında keçirilən görüşə diqqət çəkib. Jurnalistin sözlərinə görə, Əhməd əş-Şaraa həmin görüşdə “İran məğlub olsaydı, İsrail Dəməşqə hücum edəcəkdi” fikrini səsləndirib.
Kənan Rövşənoğlu hesab edir ki, Suriyada baş verən hadisələr bütövlükdə Yaxın Şərqdə artan geosiyasi qarşıdurmanın tərkib hissəsidir. Onun fikrincə, İsrail Suriyada yeni – “beşinci cəbhə”ni açmağa cəhd göstərə bilər və bu proses ərəb ölkələri ilə qarşıdurmanı daha da dərinləşdirə bilər.
Vüsalə










