Tehran risk qarşısında: Hərbi zərbə, yoxsa danışıqlar? - ŞƏRH

İranı idarə edənlər ABŞ və onun Prezidenti Donald Trampı hədələmələrinə baxmayaraq, indiki ağır vəziyyətdə Ağ Ev sahibi ilə müzakirələri lazım biliblər.
Bunu ERAmedia – ya açıqlamasında siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Tehran rəsmiləri bilirlər ki, Donald Tramp “İrana müdaxilə edə bilərik” deyərkən real addımlar ata bilər.
“Görünür, İran mühafizəkarları bunu önləmək üçün xarici işlər naziri Abbas Əraqçiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla təmas qurmağı tapşırıblar. Böyük ehtimalla İran Prezidenti Məsud Pezeşkian da Vaşinqtonla dialoqun tərəfdarıdır”, – deyə o bildirib.
Siyasi şərhçi qeyd edib ki, Tramp hələ İrana zərbə vurmağın tərəfdarı deyil:
“Çünki ona təqdim edilən hesabatlarda raket zərbələrinin mühafizəkarların işinə yarayacağı, onların düşmənə qarşı İran cəmiyyətini biləşdirə biləcəyi göstərilir. Ancaq tərsi də mümkündür. Zərbələr İranda daxili qarşıdurmanın artmasına da şərait yarada bilər ki, mühafizəkarlar bundan ehtiyat edirlər. Tramp bu iki yanaşma arasında qərar verməkdə çətinlik çəkir.
İran mühafizəkarları isə vaxt udmağa, ABŞ qəti addımlar atana qədər ölkədəki etirazları zor gücünə boğmağa çalışırlar”.
Əli Fərhad









