Tehranda sirli hazırlıq: Dini liderin taleyi ilə bağlı nə baş verir?
Sosial mediada İranın dini lideri Əli Xamneyinin öldüyü haqda məlumatlar sürətlə yayılsa da, nə rəsmi şəkildə təsdiqlənib, nə də hansısa etibarlı mənbəyə istinad var.
ERAmedia xəbər verir ki, bu barədə siyasi təhlilçi Asif Nərimanlı bildirib.
Onun sözlərinə görə, ölüm xəbərinin ortaya çıxmasına səbəb Xamneyinin iqamətgahının ətrafına təcili tibbi yardım maşınlarının toplanması, məhəllənin tamamilə boşaldılması, çevrədəki iaşə obyektləri və məktəblərin bağlanmasıdır. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.
A.Nərimanlı bunun fonunda Xamneyinin ölümü haqda ehtimalları gücləndirən amilləri sadalayıb.
O qeyd edib ki, 87 yaşlı dini lider özündən sonrakı dövrə hazırlıqla bağlı göstərişlər verib.
“Nyu-York Tayms” iddia edir ki, Xamneyi ölkəni müharibədən qorumaq və etirazları yatırmaq vəzifəsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırıb. Nəşrin bu iddialarından bir neçə gün sonra Xamneyinin ölüm xəbərinin yayılması diqqətçəkəndir.
Siyasi təhlilçi bildirib ki, ağır xəstəlik keçirən Xamneyinin səhhətinin yaxşı olmamasıdır.
“İranın dini liderinin səhhəti ilə bağlı məlumatlar sirr kimi saxlanılsa da, zaman-zaman müəyyən informasiyalar sızır. Xamneyinin ürək damarlarının daralması, öd kisəsi və prostat problemlərinin olduğu deyilir.
Hərçənd, ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşması fonunda Xamneyinin “ölüm xəbəri”nin iki mümkün hədəfi də ola bilər.
Birincisi, ABŞ-ın hücumunun qarşısını almaq, ən azı ləngitmək;
Vaşinqton hərbi qüvvələrini İran ətrafına toplasa da, həm ABŞ daxilində konsensusun olmaması, həm region ölkələrinin qarşı çıxmasına görə hücum etməyə tələsmir. Tramp Administrasiyasının əsas tələblərindən biri İranda mövcud rejimin dəyişməsi, yeni liderin önə çıxmasıdır. Xamneyi postundan gedərsə (ya könüllü şəkildə, ya öldüyü təqdirdə), ABŞ-ın rejimin yenilənməsi prosesini izləyəcəyi və hücumu ən azı müəyyən müddətə təxirə salacağı istisna deyil”, – deyə o əlavə edib.
O qeyd edib ki, bu baxımdan, Xamneyinin “ölüm xəbəri” İran rejiminin zaman qazanmaq gedişi kimi də görünür:
“İkincisi, dini liderin özündən sonra nələr olacağını “açıq gözlə” görmək istəyidir.
Dini lider öldükdən sonra İranda nələrin baş verəcəyini, xüsusilə rejim daxili münasibətlərin necə olacağını yoxlamaq, post-Xamneyi dövrü ilə bağlı göstərişlərini buna uyğun hazırlamaq niyyətində ola bilər”.
Vüsalə









