Təhsil eksperti: “Uşaqlarda kitaba marağı müəllim və valideyn formalaşdırmalıdır”
“Yalnız iki müəllim tipi var: mümkün olandan daha çox öyrədən müəllim və heç nə öyrətməyən müəllim”.
ERAmedia xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev təhsildə müəllimin, valideynin və mütaliənin rolundan danışarkən deyib.
Onun sözlərinə görə, Mirzə Ələkbər Sabirin “Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!” misralarının aktuallığı təəssüf ki, tamamilə itməyib:
“Azərbaycanın harasındasa oğlunu-qızını oxutmaqdan qoruyanları hələ də tapmaq olar. Böyük Sabirin təzə qəhrəmanları da peyda olub. Motivlər əvvəlki deyil, amma oxutmağı əbəs, mənasız sayanlar var. Onlar elə hesab edirlər ki, övladları uğur qapılarını təhsilsiz də aça biləcəklər”.
Etibar Əliyev bildirib ki, böyük şairin satirası yalnız öz dövrünün ictimai problemlərini əks etdirmir, həm də sonrakı nəsillərə mesaj verir:
“Zamanı ifadə edə bilmək istedadı təkcə poeziya və mətn yaratmır, dövrün ictimai məziyyətlərini elə ustalıqla rəsmə çevirir ki, zamandan daş kimi asılanlar da öz əməllərinin mahiyyətini görə bilir. Nəsillər nəsilləri əvəz edir və həmin rəsm nəsilləri tərbiyə edir. Mirzə Ələkbər Sabirin satirası əslində zamanın rəsmidir. Mat qalmış kimi tamaşa edirsən, heyrətin susmur: biz kimik, kim olmuşuq, hara gedirik?”
Ekspert təhsilin mahiyyəti ilə bağlı amerikalı filosof və pedaqoq Con Dyuinin fikirlərinə də diqqət çəkib. O qeyd edib ki, Dyui məktəbin əsas vəzifəsini uşağın şüurunu müxtəlif məlumatlarla doldurmaqda deyil, onun qabiliyyət və təmayüllərini, istedad nişanələrini üzə çıxarmaq və inkişaf etdirməkdə görürdü.
“Praqmatizm pedaqogikası məktəbi hər bir uşağın həyat tərzinin təbii tərkib hissəsi, təhsili isə məktəb bitdikdən sonra da dayanmayan, arası kəsilməyən mühüm fəaliyyət növü hesab edir. Buradan pedaqogikaya əhəmiyyətli dərəcədə təsir göstərmiş fasiləsiz təhsil nəzəriyyəsi yaranır”, – deyə Etibar Əliyev vurğulayıb.
Ekspert Azərbaycanın təhsil sistemində mütaliə və savadlılıq məsələlərinə də toxunub:
“Bizim savad qazanmağımız sistemli xarakter daşımır. Bizim nəsil orta məktəbdə oxuyanda yalnız dərsliklərdən bilik qazanardıq. Əlimizə düşən bədii ədəbiyyatı isə acgözlüklə oxuyurduq. Savadlılıq üçün dilin imkanları böyük rol oynayır. Böyük alimlər, yazıçılar babaları və atalarından qalma kitabxananın hesabına elmin və sənətin yüksək zirvələrinə qalxa biliblər”.
Etibar Əliyev şəxsi kitabxana mədəniyyətinin də mühüm əhəmiyyət daşıdığını bildirib. O, buna nümunə kimi Ziqmund Freydin öz avtobioqrafiyasında mütaliə ilə bağlı fikirlərini xatırladıb:
“Psixoanalizin yaradıcısı, böyük mütəfəkkir Ziqmund Freyd 10 yaşından Şekspiri oxumağa başladığını, bunun üçün ingilis dilini öyrəndiyini yazırdı. Servantes isə onda ispan dilinə maraq oyatmış və ispan dilini öyrəndikdən sonra “Don Kixot”u oxumuşdu”.
Ekspert qeyd edib ki, dünya tarixində iz qoymuş bir çox şəxsiyyətlərin bioqrafiyasından onların uşaqlıq yaşlarından mütaliəyə böyük maraq göstərdiyi məlum olur.
“Bu həvəsi isə onlarda müəllimləri və valideynləri yaradıblar. Açıq etiraf edirəm ki, Azərbaycan Dövlət Universitetində oxuduğumuz illərdə öz sahəsini yaxşı bilən alimlərin geniş mütaliəsini hiss etmədik”, – deyə o əlavə edib.
Etibar Əliyevin sözlərinə görə, uşaqlarda oxumaq və yazmaq bacarıqlarının, kitaba marağın formalaşdırılmasında müəllim, məktəb kitabxanası və valideynlərin şəxsi kitabxanası mühüm rol oynayır:
“Uşaqlarda oxumaq və yazmaq bacarıqlarını, kitaba marağı savadlı müəllimlər, məktəb kitabxanaları və valideynlərin kitabxanası formalaşdırmalıdır. Müəllimlər məktəb və universitet kitabxanalarına uşaqları və tələbələri cəlb edirmi? Əgər müəllim mütaliə etmirsə və esse yaza bilmirsə, şagirdində bu bacarıqları formalaşdıra bilməz”.
Təhsil eksperti sonda müəllimin əsas missiyasını da diqqətə çatdırıb:
“Ən yaxşı müəllim mötəbər biliklərin yerini şagird və tələbələrinə göstərməli və izah etməyi bacarmalıdır”.
Mələk Onur










