Təhsil və elm sahəsində xidmətləri ilə seçilən şəxsiyyət - TARİXİ FAKTLAR
Mehdixan Vəkilov Azərbaycan maarifçiliyi və elmi fikrinin inkişafında mühüm rol oynamış görkəmli ziyalılardan biridir.
ERAmedia xəbər verir ki, o, pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi və elmi sahələrdə də dərin iz qoyub. Müxtəlif vəzifələrdə çalışaraq təhsil sisteminin formalaşmasına və inkişafına töhfə verib. Onun yaradıcılığı və fəaliyyəti Azərbaycan tarixində xüsusi yer tutur.
Mehdixan Vəkilov 1902-ci il iyunun 15-də Qazax qəzasının Yuxarı Salahlı kəndində doğulub. Dörd sinifli kənd məktəbini bitirdikdən sonra Cənubi Qafqaz müftisi Hüseyn əfəndi Qayıbzadənin Tiflisdə təsis etdiyi pansion tipli məktəbə göndərilib. 1918–1924-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası əsasında təşkil edilmiş Qazax Müəllimlər Seminariyasında təhsil alıb. Mehdixan Vəkilov Gəncə qəzası məktəblərində müfəttiş, Quba qəza maarif şöbəsinin müdiri və Şuşa şəhərində təşkil olunmuş müəllimlər kursunun müdiri vəzifəsində çalışıb.
1926–1931-ci illərdə Lenin adına Universitetdə (sonralar Azərbaycan Pedaqoji İnstitutunda) təhsilini davam etdirib, Balaxanı və Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyət fənnindən dərs deyib. Həmin məktəblərdə onun tələbələri arasında sonralar məşhurlaşmış görkəmli yazıçı Mirzə İbrahimov və tanınmış şərqşünas alim Məmmədağa Sultanov da var idi.
O, 1931–1934-cü illərdə Qəbələdə müəllim olub, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dərs deyib. 1934–1938-ci illərdə Xalq Maarif Komissarlığında müfəttiş, 1938–1941-ci illərdə Respublika Xalq Komissarları Soveti nəzdində İncəsənət işləri idarəsində teatr şöbəsinin müdiri və Elmlər Akademiyası Azərbaycan filialının Tarix İnstitutunda şöbə müdiri vəzifələrində çalışıb.
İkinci Dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunub və 1942-ci ilin may ayına kimi orada “Vətən yolunda” qəzeti, “Qızıl Ordu” və Təbriz ziyalılarının nəşr etdikləri “Azərbaycan” qəzetində əməkdaşlıq edərək İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərib.
1942-ci ilin sentyabr ayından Qazax Rayon Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləyib, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edib.
Mehdixan Vəkilovun müharibə illərində yazdığı “Cavanşir” romanı, “Anadillər” povesti, “Minin və Pojarski”, “Azərbaycanda mədəniyyətin çiçəklənməsi” kitabçaları vətənə məhəbbət hisslərinin güclənməsində böyük rol oynayıb.
O, 1946–1956-cı illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında ictimai fənləri tədris edib. 1956–1962-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun rektoru olub, uzun müddət tarix kafedrasının müdiri vəzifəsində çalışıb. 1954-cü ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyası müdafiə edən Mehdixan Vəkilov ictimai inkişafın ən mürəkkəb problemlərindən biri olan XX əsrdə Azərbaycanda mədəni inqilab məsələlərinin tarixini dərindən və hərtərəfli tədqiq edən ilk azərbaycanlı alimlərdən biri olub.
Mehdixan Vəkilov qardaşı haqqında “Ömür dedikləri bir karvan yolu” adlı xatirə kitabı yazıb. O, Səməd Vurğunun “Komsomol poeması”nda yaratdığı Cəlal obrazının prototipi sayılır. O, 40-dan çox elmi əsərin, kütləvi informasiya vasitələrində dərc olunmuş çoxsaylı elmi-populyar məqalələrin müəllifidir. Azərbaycan, türk, rus və fars dillərini bilirdi.
Mehdixan Vəkilov 1958–1962-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və Ali Sovet Sədrinin müavini vəzifəsinə seçilib.
Mehdixan Vəkilov 1975-ci il oktyabrın 18-də Bakı şəhərində vəfat edib. Məzarı II Fəxri xiyabandadır.
O, 1931-ci ildə Qəbələdə müəllimlik edərkən sonralar məşhur heykəltaraş olmuş Fuad Əbdürrəhmanovun xalası qızı Ruqiyyə İbrahim qızı Paşabəyova ilə ailə qurub. Qızı Çiçək bioloq idi, Sevinc Ələkbərova adlı nəvəsi, Leyla adlı nəticəsi vardır. Oğlu Cavanşir (1951–2013) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri və müşavir vəzifələrində çalışıb. 2004-cü il oktyabrın 20-də Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğunun açılışını təşkil edib.
O, Xalq şairi Səməd Vurğunun böyük və yeganə qardaşı, Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədoğlunun əmisidir.
Vüsalə
- Şəkildə Mehdixan Vəkilov qardaşı Səməd Vurğun ilə. (1932-ci il).










