media-whatsapp-image-2026-10-09-at-01-44-17

Məktəblərdə təhsil və tərbiyə hər bir ölkədə cəmiyyətin intellektual, sosial, mədəni inkişafının göstəricisidir.
Müasir cəmiyyətlərin inkişaf səviyyəsi, ilk növbədə təhsil və tərbiyə sisteminin keyfiyyəti ilə ölçülür. Məktəb elm, təhsil, bilik öyrənmə yeri olmaqla bərabər şəxsiyyətin sosial inteqrasiyası, mənəvi bütünlüyü, vətəndaşlıq şüurunun inkişafı üçün əsas məkandır. Bu baxımdan, məktəblərdə həyata keçirilən təhsil, təlim-tərbiyə prosesi hər bir ölkənin sosial və mədəni inkişafının göstəricisidir. Azərbaycan Respublikasının da bu sahədə özünəməxsus yanaşması və təhsil siyasəti var.
Ölkəmizin müxtəlif regionlarında, o cümlədən Qarabağda məscidlərin inşası və işğal dövründə ermənilər tərəfindən viran qoyulmuş ibadətgahların bərpası dövlətin mənəvi dəyərlərə verdiyi önəmi nümayiş etdirir. İşğaldan azad edilən Qarabağ səmasında dalğalanan müqəddəs üçrəngli Azərbaycan bayrağındakı yaşıl rəng İslam dini və mənəviyyatını ehtiva edir. Məscidlərdə oxunan Quran, vəhdət halında qılınan namazlar cəmiyyətin mənəvi-əxlaqi dəyərlərə bağlılığının bariz nümunəsidir. Azərbaycan dünyəvi dövlət kimi təhsil, tədris mühitində elmi biliklərə yanaşmanın obyektiv qanunauyğunluqlar əsasında qurulmasına, cəmiyyətin müasir inkişaf səviyyəsinə cavab verməsinə zəmin yaradır. Tarixə nəzər saldıqda dövrə, gənc nəslin zəmanəyə uyğun təlim və tərbiyəsi hər zaman tövsiyyə olunan və prioritet sahə olub.
Təhsildə dünyəvilik prinsipinin qorunması ilə paralel olaraq vahid geyim formasının tətbiqi də pedaqoji və sosial baxımdan zəruridir. Xüsusilə 9-10-cu sinif şagirdləri arasında müşahidə olunan, məktəbli statusuna uyğun gəlməyən geyim tərzi, davranış normalarının pozulması, qeyri-standart saç düzümü və makiyaj təhsil və tədrisdən uzaqlaşma istiqaməti yaradır. Bu hallar diqqəti tədris prosesindən yayındırmaqla yanaşı məktəbin tərbiyə mühitini də zəiflədir. Vahid geyim standartının tətbiqi bərabərlik prinsipini möhkəmləndirir və təhsil müəssisəsinin təlim və tərbiyə mühitini qoruyur.
Məktəbdən kənar mühitdə hər kəs istədiyi geyim formasını seçmək hüququna malikdir. Bu, şəxsi azadlığın təzahürüdür. Lakin məktəb və burada formalaşan dəyərlər cəmiyyətin gələcək istiqamətini və sosial münasibətlərin əsasını təşkil edir. Dahi mütəfəkkir Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamı bu məsələnin mahiyyətini aydın şəkildə ifadə edir. Həqiqi mahiyyət elementlərdə yox, elmə, biliyə və intellektual inkişafa yiyələnməkdə özünü göstərməlidir. Məktəblərdə vahid geyim qaydasının tətbiqi və dünyəvi tərbiyə prinsiplərinin ardıcıl şəkildə həyata keçirilməsi də məhz bu ideyaya xidmət edir. Bu məsələdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Məktəblərdə təhsil və tərbiyənin elmi əsaslarla, dünyəvi prinsiplər çərçivəsində təşkili cəmiyyətin intellektual, sosial və mədəni yüksəlişinə ciddi təsir göstərir. Azərbaycanın mənəvi dəyərlərə sadiqliyi, dünyəvi təhsil modelini uzlaşdırmaq və məktəblərdə vahid standartları tətbiq etmək istiqamətində apardığı siyasət, gələcək nəsillərin bilikli və müasir dünyagörüşlü formalaşması üçün təminat yaradır.

Mahir QƏRİBOV,
Tarix üzrə fəlsəfə doktoru

media-whatsapp-image-2026-10-08-at-04-36-42

 


media-adspc

Bənzər xəbərlər