Təhsil yarışında neçə il qabaqdayıq? – Ekspertdən açıqlama
PISA-2018 nəticələrinə görə, sosial-iqtisadi cəhətdən üstün şagirdlər oxu-anlama bacarığında imkansız təbəqədən olan şagirdləri 89 bal üstələyib. Doqquz il əvvəl – PISA-2009-da isə sosial-iqtisadi vəziyyətlə bağlı bu fərq 87 bal təşkil edib.
Təhsil eksperti Etibar Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, PISA nəticələri ölkələrdə təhsil imkanları və nəticələri arasındakı fərqləri görmək baxımından mühüm göstəricidir.
Onun sözlərinə görə, PISA-2009 nəticələrində Almaniya 15 yaşlı uşaqların oxu üzrə kompetensiyasına görə qabaqcıl ölkələrdən 45-60 punkt geridə qalıb. Bu isə təxminən iki məktəb ili fərq deməkdir. Riyaziyyatda da vəziyyət oxşar olub: 40-45 punkt geriləmə qeydə alınıb ki, bu da təxminən 1,5 tədris ili geriləməyə bərabərdir.
Etibar Əliyev alman iqtisadçısı Tino Sarrasinin bu məsələyə dair yazdıqlarını da diqqətə çatdırıb. Onun qeyd etdiyi nümunəyə görə, Şanxayda doğulmuş və Leverküzendə 14 min əməkdaşın çalışdığı Lanxess AG konserninə rəhbərlik edən Lyu Almaniya və Çin arasındakı təhsil fərqlərini müqayisə edib.
“Onun uşaqları Almaniyanın ən yaxşı gimnaziyalarından birində təhsil alır. Bacısının həmyaşıd uşaqları isə Şanxayda oxuyurlar. Bu uşaqlar arasında riyaziyyat və təbiət elmlərinin mənimsənilməsinə qoyulan tələblər kəskin fərqlənir. Bu fərqləri görəndə o, Almaniyanın gələcək taleyi barədə dəhşətə gəlir.
Tədbirlərin birində o mənə dedi ki, altı həftəlik tətildə onun uşaqlarına ev tapşırıqları verilmir. Bacısının uşaqları isə 40 günlük tətildə ev tapşırıqları ilə məşğul olurlar”, – deyə Etibar Əliyev qeyd edib.
Ekspert vurğulayıb ki, Almaniyanın iqtisadi baxımdan inkişaf etmiş ölkə olmasına baxmayaraq, PISA nəticələri təhsil sistemində müəyyən problemlərin mövcudluğunu ortaya qoyur.
Əli Fərhad










