media-nocomment_30e2fb2f713618a7853eefa35a6d57b6_3v2ijy80wxgceolausmt

Dünya artıq böhranların yaşandığı bir sistemdən çıxaraq, birbaşa böhranın özünə çevrilmiş mürəkkəb mərhələyə daxil olub. Mövcud sakitlik görüntüsü real tarazlıq deyil, əksinə basdırılmış və hər an üzə çıxa biləcək gərginliyi əks etdirir.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, açıqlamaların azalması və siyasi tonun yumşalması gərginliyin azaldığı anlamına gəlmir.

“Əksinə, bu mərhələdə deyilməyən məqamlar deyilənlərdən daha müəyyənedici rol oynayır”, – deyə əlavə edib.

Onun sözlərinə görə, ABŞ hələ də qurduğu qlobal arxitekturanın mərkəzində kimi görünsə də, bu mövqe getdikcə daha çox simvolik xarakter daşıyır. Maliyyə və təhlükəsizlik üzərindən qurulan təsir mexanizmləri fəaliyyətini davam etdirsə də, əvvəlki nəticələri vermir:

“Sanksiyalar və təzyiq alətləri mövcuddur, lakin onların effektivliyi ciddi şəkildə zəifləyib. Artıq qarşı tərəfdə sadəcə reaksiya verən deyil, alternativ sistemlər quran aktorlar var”.

Ekspert qeyd edir ki, Çin açıq qarşıdurmadan yayınaraq daha dərin və uzunmüddətli strategiya izləyir. Bu strategiya istehsal, texnologiya, logistika və məlumat axınını əhatə edən geniş şəbəkə quruculuğuna əsaslanır:

“Bu model açıq şəkildə elan olunmur, amma qlobal asılılıq münasibətlərini köklü şəkildə dəyişir”.

Eylem Okumuş əlavə edib ki, Rusiya və İran isə daha sərt xətt üzrə hərəkət edərək mövcud sistemin elastikliyini zəiflədir: “Onların məqsədi yeni bir mərkəz yaratmaq deyil. Əsas hədəf mövcud tarazlığı davamolunmaz hala gətirməkdir. Çünki sistem zəiflədikcə manevr imkanları genişlənir”.

Onun fikrincə, baş verən dəyişikliklər səthi deyil, birbaşa qlobal sistemin infrastruktur qatında müşahidə olunur. Maliyyə sahəsində alternativ ödəniş sistemləri və regional valyuta şəbəkələri genişlənir, texnologiyada isə vahid standartlar parçalanır və məlumat axını regional nəzarət mexanizmlərinə bölünür.

Enerji məsələsinə də toxunan ekspert vurğulayıb ki, bu sahə artıq yalnız iqtisadi deyil, birbaşa siyasi bağlılıq göstəricisinə çevrilib.

Gündəlik həyat səviyyəsində bu dəyişikliklərin tam hiss olunmadığını deyən Okumuş bildirib ki, mövcud vizual sabitlik fərqli sistemlərin üst-üstə düşməsindən yaranır:

“Eyni platformalar, eyni məhsullar və eyni informasiya axını görüntüsü var. Amma hər mərkəz öz qaydalarını və reallıq çərçivəsini formalaşdırır”.

Sonda ekspert qeyd edib ki, dünya təkqütblü modeldən uzaqlaşaraq çoxmərkəzli və dinamik bir güc balansına doğru irəliləyir:

“Artıq sabit ittifaqlar deyil, qısa müddətli maraq əsaslı əməkdaşlıqlar ön plana çıxır. Bu isə davamlı və sabit nizamdan çox, bir-biri ilə təmasda olan, lakin tam birləşməyən sistemlər arasında qalıcı gərginlik deməkdir”.


media-adspc

Bənzər xəbərlər