Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq - VİDEO
Heyvan bazarlarında sərt qaydalar tətbiq ediləcək və tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq.
ERAmedia Xəzər TV-yə istinadən xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun İdentifikasiya və İzlənilmə Mərkəzinin direktoru Yavər Məmmədovun sözlərinə görə, heyvan bazarları yoluxucu xəstəliklərin ən sürətlə yayıla biləcəyi risk zonaları hesab olunur. Məhz bu səbəbdən bir müddət əvvəl dayandırılan bazarların fəaliyyəti artıq “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın tələblərinə uyğun olaraq bərpa edilib.
Yavər Məmmədov qeyd edib ki, identifikasiya (heyvanların qeydiyyata alınması və nişanlanması) heyvan oğurluğunun qarşısını alan ən güclü hüquqi sübutdur. Hazırda ölkə üzrə 972 min baş heyvan artıq identifikasiya olunub. Bu heyvanların peyvənd olunma tarixindən tutmuş mülkiyyətçisinə qədər bütün məlumatları vahid bazada yer alıb.
Vurğulanıb ki, bazara gətirilməzdən əvvəl hər bir heyvanın identifikasiyası mütləq təmin olunmalıdır. Əks halda, yaxın gələcəkdə həmin heyvanların satış zonasına daxil olması qeyri-mümkün olacaq.









