“Televiziya kazino deyil” - Əməkdar artist kimləri ittiham etdi?
Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər.
ERAmedia xəbər verir ki, bunu televiziya aparıcısı, Azərbaycan Respublikasının əməkdar artisti Nailə İslamzadə bildirib.
Onun sözlərinə görə, veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır ki, daha çox qalmaqal yaransın.
“Mən 43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir”, – deyə o əlavə edib.
N.İslamzadə qeyd edib ki, əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır:
“Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir. Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir. Bəzən, tamaşaçılar, 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq-deyəcəklər? Cəmiyyətin zövqü təsadüfi formalaşmır, onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür, orada nə göstəririksə, sabah onu yaşayacağıq”.
Mələk Onur










