Televiziya və musiqidə iz qoyan sənətkar
Bəstəkar, musiqişünas, şair və ssenarist Məryəm Əlibəyli doğum gününü qeyd edir.
ERAmedia xəbər verir ki, o, uzun illər Azərbaycan televiziya və radiosunda musiqi redaktoru kimi fəaliyyət göstərib, müxtəlif televiziya layihələrinin hazırlanmasında müəllif və yaradıcı heyət üzvü kimi iştirak edib.
Məryəm Əlibəylinin peşəkar fəaliyyətinin mühüm mərhələsi 1993–2000-ci illərə təsadüf edir. Həmin dövrdə xalq artisti və bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio Şirkətində çalışaraq televiziyanın musiqi redaksiyasında, daha sonra isə radionun “Xarici ölkələrə verilişlər” şöbəsində musiqi redaktoru vəzifəsini tutub.
Onun yaradıcılıq fəaliyyəti televiziya proqramları ilə də sıx bağlıdır. “Durna teli”, “Ailələr və talelər”, “Xəyalə və dostları”, “Çərək, çərək, gəl görüşək” və “Uşaqların şəhəri” kimi layihələrdə musiqi və ssenari müəllifi, eləcə də musiqi redaktoru kimi fəaliyyət göstərib.
Əlibəylinin yaradıcılıq irsində mahnı janrı xüsusi yer tutur. O, 200-dən artıq nəğmənin sözlərini yazıb və musiqisini bəstələyib. Bu əsərlərin təxminən 100-ü uşaqlar üçün hazırlanmış mahnılardır.
Bəstəkarın musiqi əsərləri televiziya və səhnə layihələri ilə də geniş şəkildə təqdim olunub. O, “Ailələr və talelər”, “Uşaqların şəhəri” və “Xəyalə və dostları” verilişləri ilə yanaşı, Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən “Biri vardı, biri yoxdu” və “Qoğal” tamaşa-nağıllarına musiqi bəstələyib.
Məryəm Əlibəylinin kino və televiziya yaradıcılığına “Möcüzələr aləminə səyahət” uşaq filmi, “Son addım” teleserialı və “Ortastatistik Rasim” filmi də daxildir.
Onun çoxşaxəli fəaliyyəti Azərbaycan musiqisi, televiziya və uşaq yaradıcılığı sahələrini əhatə edir.
Vural









