Təxminən 30 il əvvəl itkin düşən kişi buzlaqda tapıldı
1997-ci ilin iyununda Pakistanın şimalındakı dağlıq Kuhistan bölgəsində, Supat vadisində yerləşən bir mağaraya doğru irəliləyən 31 yaşlı pakistanlı Nasiruddin itkin düşüb. Ailəsi uzun illər ərzində onun taleyi ilə bağlı heç bir iz tapa bilməyib. Yalnız 2025-ci ilin iyulunda yerli çoban Ömər Xan əriyən buzlağın morenasında təsadüfən onun mükəmməl şəkildə qorunmuş cəsədini aşkar edib.
ERAmedia xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Ömər Xan buzlaq ərazisində qeyri-adi bir şey gördükdən sonra üzərində geyimləri və sənədləri olan mumiyalaşmış cəsədi tapıb. Sənədlər itkin düşən şəxsin kimliyini müəyyənləşdirməyə imkan verib. Nasiruddinin cəsədi 28 il ərzində buzlaqda donmuş vəziyyətdə qalıb.
Tədqiqatçılar bildiriblər ki, cəsəd buzlaqda təbii mumiyalaşma prosesindən keçib. Sürətli donma çürümə proseslərini xeyli dərəcədə ləngidib, orqanik toxumaları rütubət və oksigendən təcrid edib. Bu cür qorunma Alp dağlarında tapılan məşhur “Buz adamı” Etsi kimi halları xatırladır.
Alimlərin fikrincə, bu cür tapıntıların üzə çıxmasında əsas rol iqlim dəyişikliyi və buzlaqların sürətlə geri çəkilməsidir. Şimali Pakistanda iqlim dəyişir, qarın miqdarı azalır, temperatur yüksəlir və nəticədə buzlaqlar əvvəlkindən daha sürətlə əriyir. Məhz bu proses Nasiruddinin cəsədinin səthə çıxmasına səbəb olub.
Mütəxəssislər qeyd edirlər ki, qlobal istiləşmə şəraitində bu cür hallar nadir deyil. Dünyanın bir çox bölgəsində buzlaqlar geri çəkildikcə, onilliklər boyu buz altında qorunmuş insan qalıqları və maddi mədəniyyət nümunələri daxil olmaqla, keçmişə aid həm faciəvi, həm də elmi baxımdan əhəmiyyətli yeni sübutlar üzə çıxacaq.










