Təyyarə eniş zamanı atəşə tutuldu
Kolumbiya hakimiyyət orqanları “American Airlines” aviaşirkətinə məxsus təyyarənin gövdəsində güllə dəliklərinin aşkar edilməsindən sonra araşdırmaya başlayıb.
ERAmedia xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Hadisə Kolumbiyanın Medellin şəhərindən ABŞ-ın Mayami şəhərinə uçuş həyata keçirən reysdə qeydə alınıb.
Məlumata görə, xəsarət alan olmayıb. Rəsmilər bildiriblər ki, ilkin araşdırma təyyarənin Medellində eniş zamanı atəşə tutulduğunu göstərir.
Aviaşirkətin açıqlamasında qeyd olunub ki, təyyarə Mayamiyə qayıtdıqdan sonra planlı texniki baxış zamanı gövdənin xarici hissəsində “deşilmə” aşkar edilib.
“Təyyarə dərhal istismardan çıxarılıb, əlavə yoxlama və təmirə göndərilib. Bu hadisənin araşdırılması üçün bütün müvafiq qurumlarla sıx əməkdaşlıq edəcəyik”, — şirkətin təqdim etdiyi açıqlamada deyilir.
Səlahiyyətlilər insidentin arxasında duran cinayətkar qruplaşmaya diqqət yetirdiklərini, lakin hələlik yekun nəticə olmadığını bildiriblər.
“Flightradar24” məlumatına əsasən, “Boeing” istehsalı olan “Boeing 737 MAX 8” bazar ertəsi səhər Medellindən Mayamiyə, daha sonra isə həmin axşam Dallas şəhərinə uçub. Aviaşirkətin baş qərargahı Dallas-Fort-Uertdə yerləşir və təyyarə tam təmir üçün ora göndərilib.
“American Airlines” əlavə edib ki, aşkar edilən zədələnmə təyyarənin idarə olunmasına hər hansı təsir göstərməyib.
Vural









