Tibb ixtisasında keçid balının artacağı gözlənilir - DİM sədri
Qəbul imtahanlarının ikinci cəhdi üzrə apellyasiya müraciətlərinə baxılması prosesi davam etdiyindən yekun statistika hələ formalaşmayıb. Apellyasiya nəticələri də nəzərə alındıqdan sonra dəqiq statistik göstəricilər ictimaiyyətə təqdim olunacaq.
ERAmedia xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
DİM sədri bildirib ki, ilkin statistik təhlillər əsasında ixtisas qrupları üzrə keçid ballarında müxtəlif dəyişikliklər gözlənilir. I ixtisas qrupunda 600 baldan yuxarı keçid ballarının 1-2 bal, 500-600 bal intervalında isə təxminən 16 baladək azalacağı proqnozlaşdırılır. Eyni zamanda, 400-300 bal intervalında keçid ballarında artım müşahidə oluna bilər.
Məleykə Abbaszadə qeyd edib ki, II ixtisas qrupunda əksər intervallarda keçid ballarının bir neçə bal azalması gözlənilir. Bununla yanaşı, 200-300 bal intervalında müsabiqə vəziyyətinin dəyişməsi səbəbindən müəyyən artım da mümkündür.
III ixtisas qrupunda 600 baldan yuxarı keçid ballarının 3-4 bal azalması, 500-600 bal intervalında isə 3-4 bal artması ehtimal edilir. Digər intervallarda da müəyyən artımlar gözlənilir.
DİM rəhbəri bildirib ki, IV ixtisas qrupunda isə xüsusilə yüksək bal toplayan abituriyentlərin sayının çox olması səbəbindən keçid ballarında artım proqnozlaşdırılır. Onun sözlərinə görə, 600 baldan yuxarı keçid balı olan ixtisaslarda artım 15-17 baladək çata bilər. Ötən il 605 balla qəbul aparılan tibb ixtisası üzrə keçid balının bu il daha yüksək olacağı gözlənilir.










