Tibbi xidmətinin qiymətləndirməsi aparılacaq
Azərbaycanın böyük şəhərləri istisna olmaqla, digər regionlarda həkimlər üçün əlavə ödəniş mexanizmi də nəzərdə tutulub. Yəni, görülmüş işə görə hesablanan bonuslara 1,3 rəqəmsal əmsalı tətbiq ediləcək. Cərrahi tibbi xidmətlərə görə, fizioterapiya və reabilitasiya xidmətlərinə görə, anesteziologiya xidmətlərinə görə, invaziv radiologiya görə təmin olunan bonuslar Bakı və digər böyük şəhərlərdə 2000 manat olduğu halda, regionda 1,3 əmsalı tətbiq edilərək bu artıq 2600 manat təşkil edəcək.
ERAmedia xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.
“Eyni zamanda, ambulator həkimlərin aylıq əlavə ödənişlərində də dəyişiklik edilib. Bakıda və digər iri şəhərlərdə gün ərzində 22 xəstə baxışı keçirən həkimlərin əlavə bonusu 1200 manat təşkil edirsə, regionlarda bu, 1800 manat olacaq. Bakı və digər böyük şəhərlərdə 36 xəstəyə baxan həkim üçün əlavə ödəniş 1800 manat təşkil edirsə, regionlarda bu, 2700 manat olacaq. Göründüyü kimi, Bakı ilə böyük şəhərlər və digər regionlar arasındakı bonus fərqi 900 manat təşkil edəcək”, – deyə Anar Bayramov qeyd edib.
İcraçı direktor əməkhaqqının ödənilməsi qaydasında pasiyentlərin məmnunluğunun ödənişlərə təsiri mexanizminin də hazırlandığını diqqətə çatdırıb: “Yəni, hər bir pasiyentin mobil tətbiq vasitəsilə göstərilən xidməti qiymətləndirmək imkanı olacaq və göstərilən xidmətin qiymətləndirilməsi nəticəsində həkimlərə hesablanan əlavə ödənişlərə əmsallar tətbiq ediləcək. Xəstə razı qaldığı təqdirdə, bu əmsal 1,2-ə qədər artacaq. Xəstənin narazı qaldığı halda isə bu əmsal 0,8-ə qədər enəcək”.










