“Tofiq Bəhramov-100: Ədalətli Oyun İrsi” layihəsi uğurla həyata keçirilir
Dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illiyi ilə əlaqədar olaraq, 2025-ci il Azərbaycan idmanı, xüsusilə futbol və futbol hakimliyi üçün əlamətdar olub. Bu tarixi hadisə münasibətilə “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi həyata keçirilir.
ERAmedia xəbər verir ki, bu ilin avqust, sentyabr aylarında “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsinin tədbirləri baş tutub. İctimai birlik Tofiq Bəhramov və Azərbaycan futbol hakimliyinə həsr etdiyi kitabça çap etdirib. Həmçinin, fərqli regionlarda (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Lerik, Quba, Şəki) seminar və görüşlər keçirilib. Seminarlarda ictimai birliyin sədri Gülağa Cabarov və layihə rəhbəri Rauf Cabarov məruzələrlə çıxış ediblər. Çıxışlarda Tofiq Bəhramov və müasir futbol hakimliyi, idmanda liderlik, futbol oyun qaydalarının maraqlı məqamları müzakirə edilib. “Tofiq Bəhramov – 100” kitabının təqdimatı olub. Oyun qaydaları üzrə viktorina keçirilməklə qalib şəxslərə mükafatlar təqdim edilib. Layihənin əsas məqsədi Tofiq Bəhramovun xatirəsini yad etmək və futbol hakimliyi peşəsini cəmiyyətdə təbliğ etməkdir.
Qeyd edək ki, “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi tərəfindən il ərzində “Tofiq Bəhramov – 100: Ədalətli Oyun İrsi” layihəsi ilə yanaşı bir sıra silsilə tədbirlər də həyata keçirilib. Dahi hakimin xatirəsinə “Fair Play Matçı” və “Tofiq Bəhramov – 100” adlı minifutbol turniri təşkil edilib.