media-nura-suri

Sovet dövründə hamının eyni cür yaşamasının təşviq edildiyini deyən müğənni Nura Suri bu yanaşmanın cəmiyyətdə müəyyən mənada hələ də davam etdiyini bildirib.

ERAmedia xəbər verir ki, Nura Suri sosial şəbəkə paylaşımında insanların fərqlənmək və öz zövqünü nümayiş etdirmək əvəzinə, başqalarını təkrarlamağa üstünlük verdiyini qeyd edib.

O, xüsusilə toy mərasimlərində eyni müğənnilərin, musiqiçilərin, fotoqraf və videoqrafların, təşkilatçıların və şadlıq saraylarının seçilməsini tənqid edib.

Nura Suri yazıb ki, hansısa vəzifəli şəxsin övladının toyunda müəyyən müğənni, təşkilatçı və ya fotoqraf iştirak edibsə, sonradan digər insanlar da həmin şəxsləri dəvət etməyə çalışırlar:

“Guya bunu etməsələr, geri qalacaqlar”.

Müğənninin sözlərinə görə, belə qapalı sistem bəzi təşkilatçıların da maraqlarına uyğundur. O hesab edir ki, eyni şəxslərlə işləyən təşkilatçılar müğənnidən tutmuş tort hazırlayanadək müxtəlif xidmət sahələrindən faiz əldə edir və nəticədə bir-birini dəstəkləyən qapalı çevrə formalaşır.

Nura Suri şadlıq saraylarının da bu sistemdən faydalandığını bildirərək, toy gəlirindən əlavə təşkilatçılarla faiz bölgüsünün aparıldığını iddia edib.

“Yaxşı, bəs toy sahibinin öz ağlına, zövqünə və seçiminə nə olub?” – deyə o sual edib.

Nura Suri qeyd edib ki, bəzən toy sahibi konkret müğənni və ya fotoqraf seçmək istəsə də, təşkilatçı onu başqa şəxslərə yönləndirməyə çalışır. Onun fikrincə, bu zaman əsas meyar toy sahibinin zövqü deyil, təşkilatçının qazancı olur.

Müğənni bəzi ifaçıların gün ərzində bir neçə tədbirdə iştirak etdiyini və yüksək gəlir əldə etdiyini də vurğulayıb. O, bu şəxslərin nə qədər vergi ödədiyinin ona məlum olmadığını, lakin təşkilatçılara yaxşı faiz verildiyini bildirib.

Sonda Nura Suri insanları başqalarını kor-koranə təkrarlamamağa çağırıb:

“Başqalarını təkrarlamaq sizi bənzəmək istədiyiniz insanlarla eyni pilləyə qaldırmır. ‘Filankəs etdi, mən də edim’ prinsipi ilə yaşamaq isə çox maraqsızdır.”

O əlavə edib ki, hamının bildiyi, lakin deməyə cəsarət etmədiyi fikirləri səsləndirəndə sonda “pis adam” yenə özü olur.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər