Tramp atəşkəsi uzatdı – Pakistandan açıqlama
ABŞ prezidenti Donald Tramp İranla bağlı atəşkəsin müddətini uzadıb. Bu qərarla bağlı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlama verib.
ERAmedia xəbər verir ki, Şahbaz Şərif sosial media hesabında paylaşım edərək, İran ilə ABŞ arasında müvəqqəti atəşkəsin uzadılması qərarını yüksək qiymətləndirib. O, atəşkəsin davam etməsi ilə bağlı çağırışlarını qəbul etdiyinə görə ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
Şərif bildirib ki, mövcud mərhələdə diplomatik səylərin nəticə verməsi üçün qarşıdurmanın yenidən alovlanmaması böyük əhəmiyyət daşıyır. O qeyd edib ki, Pakistan böhranın danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.
Baş nazir vurğulayıb ki, tərəflərin atəşkəsə riayət etməsi regionda sabitliyin təmin olunmasında mühüm rol oynayır.
“Hər iki tərəfin atəşkəsi qoruyub saxlayacağına və İslamabadda keçirilməsi planlaşdırılan ikinci mərhələ danışıqlarında hərtərəfli sülh razılaşmasına nail olunacağına səmimi qəlbdən ümid edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Pakistanın müraciətini nəzərə alaraq, İranın mümkün razılaşma təklifi təqdim olunana qədər atəşkəsin uzadılması barədə qərar qəbul edib. O bildirib ki, İran rəhbərliyində fikir ayrılıqları mövcuddur və bu səbəbdən danışıqların nəticəsini gözləmək məqsədilə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Tramp əlavə edib ki, bu müddət ərzində ABŞ ordusuna mövqelərini qorumaq və hər an hazır vəziyyətdə qalmaq tapşırığı verilib.
Vural









