media-1742230521_tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, bu gün İranın nüvə proqramı ilə bağlı keçiriləcək danışıqlarda o, “dolayı yolla” iştirak edəcək.

ERAmedia xəbər verir ki, bu barədə o, təyyarədə jurnalistlərə açıqlamasında deyib.

ABŞ nümayəndə heyətini Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner təmsil edəcək.

“Bu danışıqlarda dolayı şəkildə iştirak edəcəyəm və onlar çox vacib olacaq”, — deyə Tramp vurğulayıb.

Amerika lideri ümid etdiyini bildirib ki, Tehran ötən il ABŞ-ın bombardmanlarını və sərt mövqeyin nəticələrini xatırlayaraq Vaşinqtonla razılaşma əldə etmək istəyir.

“Onlar razılaşma istəyirlər. Məncə, razılaşmadan imtina etməyin nəticələri ilə üzləşmək istəmirlər”, — deyə prezident qeyd edib.

Tramp əlavə edib ki, iranlılar çətin danışıqlar aparan tərəfdir: “Ümid edirəm, daha məntiqli olacaqlar”.

Bu arada “Axios” portalı yazır ki, qarşıdakı görüş iki ölkənin yeni nüvə sazişinə doğru irəlilədiyini və ya müharibəyə yaxınlaşdığını göstərə biləcək həlledici məqam ola bilər.

ABŞ rəsmiləri portala bildiriblər ki, Vaşinqton çərşənbə axşamı Tehrandan onun nüvə proqramı ilə bağlı “əhəmiyyətli güzəştlər” gözləyir.

Məlumata görə, ABŞ və İran nüvə məsələsi üzrə danışıqların ikinci raundunu çərşənbə axşamı Cenevrədə keçirəcək. ABŞ nümayəndə heyətinə xüsusi nümayəndə Stiv Uitkoff, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək. Vaşinqton və Tehran arasında təmaslarda vasitəçi rolunu Oman oynayır.

Xatırladaq ki, tərəflər arasında əvvəlki danışıqlar raundu fevralın əvvəlində Omanda baş tutmuş və prosesin davam etdirilməsi barədə razılıq əldə olunmuşdu.

Vural


media-adspc

Bənzər xəbərlər