Tramp mübahisəsi qanla bitdi – Ata qızını öldürdü
ABŞ-da tətilə gedən 23 yaşlı ingiltərəli modacı Lusi Harrison atası ilə Donald Trump barədə mübahisə etdikdən sonra güllələnərək öldürülüb.
ERAmedia xəbər verir ki, gənc qadının ölümü ilə bağlı aparılan istintaqda ortaya çıxan təfərrüatlar dünya mətbuatında geniş əks-səda doğurub.
İngiltərənin Varrington şəhərindən Teksasa ailəsini ziyarətə gedən 23 yaşlı Lusi Harrison geri dönmək üçün hazırlaşdığı zaman atası Kris Harrison tərəfindən öldürülüb. Məhkəmə prosesində cinayətin arxasında duran dəhşətli dialoqlar açıqlanıb.
İstintaqda ifadə verən qətlə yetirilən şəxsin sevgilisi Sam Littler hadisənin 10 yanvar səhəri, İngiltərəyə qayıtmalarına bir neçə saat qalmış baş verdiyini bildirib. İfadələrə görə, Lusi ilə atası arasında ABŞ prezidenti Donald Trump haqqında kəskin mübahisə yaranıb.
Mübahisə zamanı Lusi atasına Trump ilə bağlı iddialara işarə edərək, “Əgər mən o vəziyyətdə olsaydım və cinsi zorakılığa məruz qalsaydım, necə hiss edərdin?” – deyə soruşub. Atasının isə digər iki qızını da nəzərə alaraq “Bu məni çox narahat etməzdi” şəklində soyuqqanlı cavab verdiyi iddia edilib. Ata-qız arasındakı mübahisənin Epşteyn sənədləri ilə bağlı olduğu güman edilir.
Mübahisədən sonra Lusi əsəbləşərək yuxarı mərtəbəyə çıxıb. Havalimanına getmək üçün evdən ayrılmalarına təxminən 30 dəqiqə qalmış, ata Kris Harrison qızını əlindən tutaraq yataq otağına aparıb. Cəmi 15 saniyə sonra evdə güclü partlayış səsləri eşidilib.
Lusini qanlar içində tapan sevgilisi Sam Littler atanın həmin anda qızının yanında duraraq mənasız sözlər danışdığını bildirib.
İstintaqda Kris Harrisonun əvvəllər spirtli içki asılılığı səbəbindən reabilitasiya keçdiyi də qeyd edilib, lakin hakimlər hadisəyə görə heç kəsi məsul tutmamağa qərar verib.
Hadisə ilə bağlı istintaqın bu həftə ərzində yekunlaşması gözlənilir.
Vüsalə









