media-trump-israil-iran

ABŞ prezidenti Donald Trampın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə İrana qarşı mümkün əməliyyatlara şərti dəstək verdiyi iddia olunur.

ERAmedia xəbər verir ki, məlumata görə, İranla nüvə danışıqlarından nəticə əldə olunmayacağı təqdirdə, Tramp İsrailin İranın ballistik raket proqramını hədəf alan hücumlarına hava məkanı və logistika dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Vaşinqton və Təl-Əviv arasında diplomatik təmasların intensivləşməsi İran mövzusunda “zərbə” ehtimalını yenidən gündəmə gətirib. ABŞ mediasında geniş işıqlandırılan iddialar Trampın dekabr ayında Netanyahu ilə keçirdiyi mühüm görüşdə İsrail üçün açıq qapı saxladığını göstərir.

İddialara əsasən, İranla razılıq əldə olunmazsa, Tramp İsrailin İranın hərbi potensialına qarşı əməliyyatlarını dəstəkləməyi öhdəsinə götürüb. Bu dəstəyin yalnız siyasi deyil, həm də əməliyyat xarakterli ola biləcəyi vurğulanır. ABŞ-ın İsrail təyyarələrinə havada yanacaq doldurma yardımı göstərməsi və ya hücum marşrutu üzərində yerləşən ərəb ölkələrinin hava məkanından istifadə üçün diplomatik təzyiq göstərməsi ehtimallar arasında göstərilir. Bildirilir ki, fevralın 11-də Ağ Evdə keçirilən görüşdə strategiyanın detalları dəqiqləşdirilib.

Netanyahunun Tramp ilə görüşünü bir həftə önə çəkməsi Omandakı danışıqların gedişinə təsir cəhdi kimi qiymətləndirilir. İsrail mediası yazır ki, Netanyahu Trampı İrana qarşı daha sərt mövqe tutmağa və güzəştləri məhdudlaşdırmağa inandırmağa çalışıb.

Digər tərəfdən, 2025-ci ilin iyununda baş verən hücumlardan sonra dayandırılan nüvə danışıqlarının ikinci mərhələsi fevralın 17-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Bu görüşün nəticəsi Yaxın Şərqdə yeni hərbi gərginliyin başlayıb-başlamayacağını müəyyən edə bilər.

ABŞ-İsrail xəttində bu cür siqnalların ortaya çıxması Vaşinqtonun İran məsələsində diplomatiya ilə hərbi təzyiqi paralel aparmaq strategiyasını gücləndirdiyini göstərir. Belə mesajlar əslində danışıqlar masasına yönəlib və Tehranın kompromisə məcbur edilməsi üçün psixoloji rıçaq rolunu oynaya bilər.

İsrail isə təhlükəsizlik gündəliyini önə çıxararaq ABŞ-ı daha sərt mövqedə saxlamağa çalışır və bununla regionda güc balansını öz xeyrinə dəyişmək istəyir. Əgər Vaşinqton real logistika dəstəyi səviyyəsinə keçərsə, bu, münaqişəni regional qarşıdurmadan daha geniş geosiyasi böhrana çevirə bilər.

Ərəb ölkələrinin hava məkanı mövzusu isə Yaxın Şərqdə səssiz bloklaşmanın formalaşdığını və İran ətrafında qeyri-rəsmi təhlükəsizlik koalisiyasının yarandığını göstərir. Danışıqların nəticəsi yalnız nüvə proqramını deyil, enerji bazarları və nəqliyyat marşrutlarının sabitliyini də müəyyən edəcək.

Uğursuz diplomatiya ssenarisində gərginlik artarsa, tərəflər birbaşa müharibədən qaçsa belə proksi toqquşmaların genişlənməsi ehtimalı yüksələcək.

Bu səbəbdən yaxın günlərdə veriləcək siyasi qərarlar regionun təhlükəsizlik arxitekturasını uzun müddətə dəyişə biləcək həssas mərhələ hesab olunur.

ERAmedia Analitik Qrupu


media-adspc

Bənzər xəbərlər