media-okk6gefx8xro

Yaxın Şərqdə gərginlik fonunda ABŞ-ın sabiq prezidenti Donald Trampın son çıxışı diqqət mərkəzindədir.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, bu çıxış ilk baxışda açıq qələbə elanına bənzəsə də, reallıq daha mürəkkəbdir.

Ekspertin sözlərinə görə, Trampın istifadə etdiyi dil olduqca iddialıdır: hədəflərin böyük ölçüdə yerinə yetirildiyi, İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyi və müharibənin sonuna yaxınlaşıldığı vurğulanır. Lakin müasir müharibələrdə müəyyən obyektlərin vurulması, ümumi sistemin tamamilə sıradan çıxması anlamına gəlmir.

Okumuş qeyd edir ki, İran klassik, mərkəzləşmiş və asanlıqla çökən hərbi struktur deyil. Yeraltı nüvə obyektləri, dağınıq raket sistemləri və bölgəyə yayılmış vəkil qüvvələr ölkənin gücünü çoxqatlı şəkildə təşkil edir. Bu səbəbdən müəyyən zərbələr strateji nəticə kimi təqdim olunsa da, sistemin əsas hissəsi hələ də aktiv qala bilər.

Analitik hesab edir ki, İran hələ ən sərt vasitələrindən tam istifadə etməyib. Hörmüz boğazının bağlanması, İsrailə genişmiqyaslı hücum və ya bölgədəki ABŞ bazalarına koordinasiyalı təzyiq kimi ssenarilər hələ də mümkündür.

Onun fikrincə, bu vəziyyət tərəflərin hələ son mərhələyə keçmədiyini göstərir:

“Hazırkı mərhələ daha çox sınaq və mövqe gücləndirmə mərhələsidir”.

Eylem Okumuş vurğulayır ki, Trampın çıxışı yalnız hərbi vəziyyətin təsviri deyil, eyni zamanda məqsədli informasiya və psixoloji təsir alətidir. Bu ritorika ilə daxili auditoriyaya nəzarətin ABŞ-da olduğu mesajı verilir, eyni zamanda bazarlara sabitlik siqnalı göndərilir.

Bununla yanaşı, İran üzərində psixoloji təzyiq yaradılmağa çalışılır. “Artıq uduzmusan” mesajı ilə Tehranın danışıqlara məcbur edilməsi hədəflənir. Lakin ekspert xəbərdarlıq edir ki, belə yanaşma hər zaman effektli olmur və əks reaksiyaya səbəb ola bilər.

Ekspertin diqqət çəkdiyi əsas məqamlardan biri də çıxışdakı ziddiyyətdir. Bir tərəfdən müharibənin sona yaxınlaşdığı qeyd olunur, digər tərəfdən isə “bir neçə həftə daha sərt zərbələr endiriləcək” mesajı verilir.

Okumuş bu vəziyyəti belə şərh edir: “Bu, qələbə narrativi ilə real hərbi dinamika arasında uyğunsuzluğun göstəricisidir”.

Nəticə etibarilə, ekspert hesab edir ki, Trampın çıxışı daha çox siyasi narrativ qurmağa yönəlib. İranın müəyyən zərər gördüyünü demək mümkün olsa da, müharibənin bitmək üzrə olduğunu söyləmək hələ tezdir.

Onun sözlərinə görə, tərəflər hələ qalib deyil, lakin proses getdikcə daha sərt və riskli mərhələyə daxil olur.


media-adspc

Bənzər xəbərlər