Trampın layihəsi 48 saata iflasa uğradı
ABŞ prezidenti Donald Trampın böyük iddialarla başladığı Hörmüz boğazında “Azadlıq Layihəsi” adlandırdığı əməliyyat cəmi 48 saat sonra faktiki olaraq iflasa uğrayıb. Vaşinqton həm hərbi baxımdan istədiyi nəticəni əldə edə bilməyib, həm də İran qarşısında geri addım atmağa məcbur olub.
ERAmedia xəbər verir ki, Donald Tramp “Truth Social” platformasında etdiyi paylaşımda Hörmüz boğazındakı gəmi hərəkəti ilə bağlı əməliyyatın müvəqqəti dayandırıldığını açıqlayıb. O bildirib ki, qərar İran ilə mümkün razılaşmanın əldə olunma ehtimalını yoxlamaq məqsədilə qəbul edilib.
Tramp paylaşımında “Razılaşmanın mümkün olub-olmadığını görmək üçün əməliyyatı qısa müddətə dayandırıram. Lakin blokadanı bütün təsirləri ilə davam etdirəcəyəm” ifadələrini işlədib.
ABŞ prezidenti həmçinin qərarın Pakistan və bəzi digər ölkələrin müraciəti əsasında verildiyini iddia edib. O, İran əleyhinə həyata keçirilən əməliyyat zamanı “böyük hərbi uğur” qazanıldığını və Tehran nümayəndələri ilə “yekun və hərtərəfli saziş istiqamətində ciddi irəliləyiş” əldə olunduğunu bildirib.
Tramp bazar günündən bazar ertəsinə keçən gecə Hörmüz boğazında ilişib qalan gəmilərin çıxarılması məqsədilə “Azadlıq Layihəsi” əməliyyatını elan etmişdi. Əməliyyat bazar ertəsi günorta saatlarında başlayıb və cəmi 48 saat sonra dayandırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bundan əvvəl əməliyyatı “Çıxılmaz Layihə” adlandırmışdı.
Bu arada İranın “Fars” xəbər agentliyinə danışan mənbələr Vaşinqtonun çərşənbə axşamı Hörmüzdən keçdiyini iddia etdiyi iki Amerika ticarət gəmisinin hələ də qayalıq ərazidə ilişib qaldığını açıqlayıb.
Mənbələrin sözlərinə görə, Oman sahillərinə yaxın sular qayalıq olduğundan gəmilər nə irəliləyə, nə də geri dönə bilib. Beləliklə, ABŞ 48 saat ərzində əməliyyat çərçivəsində bir dənə də olsun gəmini boğazdan keçirə bilməyib.
İsrail mediası da Trampın əməliyyatı dayandırmaq qərarını uğursuzluqla əlaqələndirib. Məlumatlarda bildirilib ki, 3 təyyarədaşıyan gəmi və 38 yanacaqdaşıyan təyyarənin iştirak etdiyi hərbi əməliyyat 48 saat ərzində heç bir nəticə verməyib.
İsrail mediasında yayılan şərhlərdə qeyd olunub ki, “Tramp İran qarşısında təzyiq hiss etdikdə geri addım görüntüsü yaratmamaq üçün Pakistanın müraciətlərini ön plana çıxarır”.
Məlumata görə, İsrail ordusunun yüksək rütbəli nümayəndələri ABŞ donanmasının bütün çağırışlarına baxmayaraq gəmilərin Hörmüz boğazından keçməkdən imtina etdiyini bildiriblər.
Hərbi mənbələr ABŞ-ın Oman sahilləri boyunca təklif etdiyi alternativ marşrutun da “son dərəcə təhlükəli” olduğunu vurğulayıblar. Xüsusilə böyük neft tankerləri üçün marşrutun olduqca dar olduğu və ərazidə dayaz mərcan qayalarının yerləşdiyi qeyd olunub.
Yüksək rütbəli israilli hərbi rəsmilərdən biri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hörmüzdən keçəcək neft tankerlərini qorumaq üçün kifayət qədər gəmi və imkanlara malik olmadığını bildirib.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, ABŞ müdafiə naziri Pit Heqset və Baş Qərargah rəisi general Den Keyn Hörmüz boğazından keçəcək gəmilərin mühafizəsi üçün ən azı 15 hərbi gəmi və 100 təyyarədən ibarət böyük qüvvənin ayrılacağını açıqlamışdı.
Lakin İsrail tərəfi bu qüvvənin əməliyyatın miqyası qarşısında yetərsiz olduğunu hesab edir. “Kanal 12”-nin məlumatına əsasən, İsrail bu hərbi qüvvənin hətta bir gəmi karvanını belə tam qorumaq imkanına malik olmadığı qənaətindədir.
ABŞ Baş Qərargah rəisi də ötən gecə keçirdiyi brifinqdə İranın atəşkəs qüvvəyə mindikdən sonra ABŞ qüvvələrinə qarşı 10-dan çox hücum həyata keçirdiyini bildirib. Hücumlar sırasında Amerika hərbi gəmilərinə atəş açılması və üzərində ABŞ hərbi təhlükəsizlik qrupları olan iki ticarət gəmisinin hədəfə alınması da yer alıb.
Hadisələr Donald Trampın İranla “yekun razılaşma istiqamətində ciddi irəliləyiş” əldə olunduğunu bəyan edərək Hörmüzdəki gəmi müşayiəti əməliyyatını faktiki başlamadan dayandırmasından sonra baş verib.
Kanal 12-nin məlumatına görə, əməliyyatın dayandırılması və ya faktiki ləğvi İranın təzyiqləri nəticəsində baş tutub. İran tərəfi də Trampın geri addımını Tehranın sərt xəbərdarlıqlarının nəticəsi kimi qiymətləndirib.
İsrail mediası ABŞ-ın mövcud strategiyasının uğursuzluğa düçar olduğunu və Vaşinqtonun bölgədəki müttəfiqləri ilə birlikdə böhrana daha dərindən sürükləndiyini yazıb.
Vural









