Trampın oğlunu müharibəyə göndərmək üçün kampaniya başladıldı
ABŞ və İsrailin İrana qarşı hücumları davam etdiyi bir vaxtda Donald Trampın 19 yaşlı ən kiçik oğlu Barron Trampın müharibəyə göndərilməsi ilə bağlı internetdə kampaniya başladılıb. #SendBarron (“Barronu göndər”) etiketi qısa müddətdə dünya gündəminə çevrilib.
ERAmedia bildirir ki, Yaxın Şərqdə ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar beşinci gününə daxil olarkən “Epik Qəzəb Əməliyyatı” (Operation Epic Fury) nəticəsində 6 amerikalı hərbçi həlak olub.
ABŞ prezidenti Donald Tramp isə baş verən itkilərə laqeyd yanaşmaqda ittiham edilir. Hücumlardan dərhal sonra keçirilən “Şərəf medalı” təqdimetmə mərasimində etdiyi çıxış zamanı Trampın həlak olan hərbçilərdən çox Ağ Evdə planlaşdırılan yeni bal zalından danışması ictimai narazılığı daha da artırıb.
Bu vəziyyət Trampın özünü “sülhpərvər prezident” kimi təqdim etməsinə baxmayaraq, əgər onun öz oğlu cəbhədə olsaydı, fərqli davranıb-davranmayacağı ilə bağlı müzakirələrə səbəb olub.
Bu fikirdən çıxış edən keçmiş “South Park” ssenaristi Tobi Morton tərəfindən “DraftBarronTrump.com” adlı satirik sayt yaradılıb. Qısa müddətdə viral olan bu saytda Trampın oğlu Barronun müharibəyə göndərilməsi istehzalı şəkildə “təşviq edilir”. Saytda Trampın “cəsarəti” və “genetik üstünlüyü” Barronun cəbhəyə yollanması üçün əsas kimi göstərilir.
Saytda Barronun yatarkən çəkilmiş şəkilləri də paylaşılıb və belə ifadələr yer alıb: “Amerika güclüdür, çünki liderləri güclüdür. Prezident Tramp bunu hər gün sübut edir. Təbii ki, oğlu Barron da atasının rəhbərlik etdiyi ölkəni qorumağa hazırdır”.
Eyni zamanda, saytda Trampın övladlarının adından parodiya xarakterli açıqlamalar da yerləşdirilib.
Layihənin müəllifi Tobi Morton sosial şəbəkələrdə başqa bir satirik sayt olan “ResignChuck.com”u da tanıdıb. Bu saytda isə Demokrat Partiyasının liderlərindən Kuk Şumerin istefası tələb olunur.
“DraftBarronTrump.com” saytının istifadəyə verilməsindən sonra #SendBarron etiketi qlobal trendə çevrilib. Minlərlə sosial media istifadəçisi Barron Trampın da ABŞ-ın müharibəyə göndərdiyi əsgərlərlə birlikdə xidmət etməli olduğunu bildirib.
Qeyd edək ki, Donald Tramp vaxtilə “daban tikanı” diaqnozu səbəbilə Vyetnam müharibəsində iştirak etməyib. Daha sonra bu diaqnozu qoyan həkimin ailə üzvləri bunun Trampın atasına edilən “yaxşılıq” olduğunu iddia ediblər.
Barron Trampın müharibəyə göndərilməsi ehtimalı isə real görünmür. Bildirilir ki, onun boyu təxminən 2,05 metrdir və bu da ABŞ ordusunda qəbul edilən maksimum boy həddini aşdığı üçün hərbi xidmətə uyğun sayılmır.
Vural









