media-1775602684604039734_1200x630

Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ–İran danışıqlarının ilk raundunun konkret nəticə olmadan yekunlaşması gözlənilən idi.

Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, tərəflər danışıqlardan əvvəl özlərini qalib hesab edərək maksimalist tələblərlə çıxış etdikləri üçün ilkin mərhələdə razılığın əldə olunması real görünmürdü.

Onun sözlərinə görə, uzun müddət bir-birini qəbul etməyən tərəflərin ilk görüşdə ortaq mövqeyə gəlməsi praktiki olaraq mümkün olmur. İlk raund daha çox tərəflərin mövqelərini qoruması və qarşı tərəfin arqumentlərini zəiflətməyə çalışması ilə xarakterizə olunur.

Sabiq deputat ABŞ prezidenti Donald Trampın son açıqlamalarını bir neçə aspektdən dəyərləndirib. O qeyd edib ki, bu bəyanatlar həm İrana, həm ABŞ daxilinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mesaj xarakteri daşıyır. Trampın əvvəlki sərt hərbi ritorikasından nisbətən geri çəkilməsi Vaşinqtonun danışıqlara açıq olduğunu göstərir. Bununla belə, Hörmüz boğazının blokadası ilə bağlı səsləndirilən fikirlər İran üzərində təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər.

Q. Əlibəyli vurğulayıb ki, ABŞ daxilində və müttəfiqləri arasında İranla uzunmüddətli müharibəyə qarşı ciddi narazılıq var. Amerika cəmiyyətinin uzunmüddətli hərbi əməliyyatlara isti yanaşmadığını deyən o əlavə edib ki, qarşıdan gələn Konqres seçkiləri fonunda Tramp administrasiyası daha çox daxili auditoriyaya hesablanmış siyasət yürütməyə məcburdur.

Ekspertin fikrincə, Avropa müttəfiqləri də enerji təhlükəsizliyi və iqtisadi maraqlar baxımından müharibənin davamında maraqlı deyil: “Bu kontekstdə ABŞ-ın müharibədən daha çox diplomatik həll yoluna üstünlük verməsi həm daxili, həm də xarici auditoriyaya verilən mesajdır”.

Eyni zamanda o, Trampın bəyanatını taktiki gediş kimi də dəyərləndirib: “Tramp proqnozlaşdırılması çətin siyasətçidir. Onun açıqlamaları gələcəkdə daha sərt addımlar üçün zəmin hazırlamaq məqsədi də daşıya bilər”.

Q. Əlibəyli hesab edir ki, son açıqlamalar pərdəarxası diplomatik proseslərin getdiyini də göstərir. Onun sözlərinə görə, Hörmüz boğazında gediş-gəlişin bərpası ilə bağlı əldə olunan razılaşma mümkün kompromislərin mövcudluğunu təsdiqləyir.

Sabiq deputat qeyd edib ki, artıq Trampın boğazda blokadanın götürüldüyünü açıqlaması müəyyən razılaşmanın əldə olunduğunu göstərir:

“Bu, onu deməyə əsas verir ki, digər məsələlər üzrə də razılıq əldə olunması ehtimalı kifayət qədər yüksəkdir”.

Vural


media-adspc

Bənzər xəbərlər