Transatlantik böhran: Qrenlandiya NATO-nu necə sınağa çəkir - ŞƏRH
ABŞ Venesuela Prezidenti Nikolas Maduronu həbs etdikdən sonra Donald Tramp administrasiyası Qrenlandiyanı ələ keçirmək ideyasını yenidən gündəmə gətirib. Ağ Ev bunun üçün ABŞ-nin hərbi gücdən istifadəni istisna etməyib.
ERAmedia xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, Donald Tramp və onun administrasiyası Danimarka ərazisi olan Qrenlandiyaya ərazi iddiaları prizmasından yanaşır.
“Bu, NATO üçün ciddi və çıxılmaz bir dilemmadır. Alyansın lokomitivi olan ABŞ-nin öz gücündən istifadə edərək başqa bir müttəfiqin ərazisini ilhaq etməsi ehtimalı NATO üçün kabusdur.
Əgər ABŞ Qrenlandiyanı ilhaq etmək üçün hərbi gücdən istifadə edərsə, NATO-nun 5-ci maddəsi və kollektiv müdafiənin mahiyyəti öz mənasını itirəcək”, – deyə o qeyd edib.
Siyasi təhlilçi vurğulayıb ki, ABŞ-nin Qrenlandiyanı öz təhlükəsizliyi üçün nəzarətə götürmək barədə hekayələri inandırıcı məqam deyil.
Çünki Danimarka 1950-ci illərdən bəri ABŞ hərbi bazasına ev sahibliyi edir.
Təhlükəsizlik baxımından aydın olmayan məqam Vaşinqtonun özünü müdafiə etmək üçün Qrenlandiya üzərində tam nəzarətə nə üçün ehtiyac duymasıdır.
Çünki Qrenlandiyada 1943-cü ildən bəri fəaliyyət göstərən ABŞ Kosmik Qüvvələrinin Pituffik Kosmik Bazası var.
Burada daimi olaraq həm ABŞ ordusu, həm də onun ballistik raketlərin erkən xəbərdarlıq sistemi yerləşir.
Lazım olduğu təqdirdə, ABŞ-nin şəxsi heyət sayını və silahlarını artırmaq hüququ var. Deməli, əsas məqam kimi təhlükəsizlik amili önə çıxmır, Tramp Rusiya və Çinin Artikadakı iqtisadi dividentlərini geri oxutmaq istəyir”, – deyə o əlavə edib.
A.Kərimov qeyd edib ki, Qrenlandiya Arktika regionuna münasibətdə strateji və geosiyasi baxımdan vacibdir:
“Bu baxımdan, Donald Trampın əvvəldən Kanadaya ərazi iddiaları ilə Qrenlandiyaya doğru ambisiyaları bir-birini tamamlayır. Bu, iqtisadi və ticari əməliyyat modelindən ABŞ-nin maksimum mənfəətlə çıxması üçün səylərin bir hissəsidir. Yəni Trampın iqtisadi və əlavə sərvət mülkiyyətləri əldə etmək prioritetləri daha geniş geostrateji qazancları ABŞ-nin aktivinə yazdırmaq planları ilə mütənasibdir.
Birincisi, Donald Trampın Qrenlandiyanı əldə etmək təklifləri adanın iqtisadi cəhətdən strateji əhəmiyyəti ilə ölçülür. Qrenlandiya mineral, qaz və neft sərvətləri ilə zəngindir.
Avropa Komissiyasının məlumatlarına əsasən, Avropanın gələcəyi üçün vacib hesab etdiyi 34 kritik xammaldan 25-i məhz Qrenlandiyada cəmləşib.
İkincisi, Qrenlandiya Şimali Amerikadan Avropaya gedən ən qısa yolun üzərində yerləşir və bu fakt ABŞ üçün strateji əhəmiyyət kəsb edir.
Rusiya və Çin maraqlarına qarşı getmək Avropa üçün də əhəmiyyətlidir, amma ABŞ bunu Transatlantik çərçivələri dağıtmaq prizmasından edəndə ortaya xeyli problemlər çıxır”.









