Transxəzər kabeli istifadəyə verildi: Sumqayıt regional rəqəmsal mərkəzə çevrilə bilər
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsini Azərbaycanın rəqəmsal inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib.
ERAmedia-nın məlumatına görə, Osman Gündüz bildirib ki, Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən fiber-optik kabel xəttini onlayn formatda istifadəyə veriblər.
Sumqayıt və Aktau arasında çəkilən, təxminən 380 kilometr uzunluğa malik kabel saniyədə 400 terabitdən çox məlumat ötürmə qabiliyyəti ilə seçilir.
Osman Gündüz qeyd edib ki, uzun illərdir layihənin hazırlıq və icra mərhələlərini izləyir, bu barədə yazılarında onun qarşılaşdığı çətinliklərə dəfələrlə diqqət çəkib. Onun sözlərinə görə, layihənin mürəkkəbliyi yalnız kabelin dənizin dibi ilə çəkilməsindən ibarət olmayıb. Texnoloji və coğrafi çətinliklərlə yanaşı, geosiyasi maraqlar, müxtəlif maneələr, illərlə davam edən razılaşdırma prosesləri və tərəfdaş dəyişiklikləri də layihənin reallaşmasına təsir göstərib.
O bildirib ki, uzun illər Rusiya tərəfindən layihənin reallaşmasına maneələr yaradılıb, hətta bir sıra ciddi şəxslər bu təşəbbüsün heç vaxt həyata keçirilməyəcəyini düşünürdülər.
Forum rəhbərinin fikrincə, kabel xəttinin istifadəyə verilməsi ilə uzun yolun mühüm mərhələsi geridə qalıb və “Rəqəmsal İpək Yolu”nun əsas elementlərindən biri real infrastruktura çevrilib.
Osman Gündüz Azərbaycan tərəfdən təşəbbüsün irəli aparılmasında iştirak edən NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan AzerTelecom komandasının əməyini xüsusi vurğulayıb. O, dövlət başçılarının siyasi dəstəyi ilə mürəkkəb layihənin nəticəyə çatdırılmasını təqdirəlayiq hesab edib.
Osman Gündüz diqqətə çatdırıb ki, rəqəmsal tranzit ölkəsi olmaqla regional data və texnologiya mərkəzinə çevrilmək arasında ciddi fərq var.
Onun sözlərinə görə, beynəlxalq məlumat trafikinin ölkə ərazisindən keçməsi tranzit gəlirləri və strateji üstünlüklər qazandırır. Lakin daha böyük iqtisadi dəyər həmin bağlantının ətrafında data mərkəzlərinin, bulud xidmətlərinin, süni intellekt üçün hesablama infrastrukturunun və texnoloji bizneslərin formalaşdırılması ilə yaranır.
Forum rəhbəri əvvəlki açıqlamalarında Qazaxıstanın qlobal şirkətlərlə əməkdaşlıq çərçivəsində bu rəqəmsal xətt boyunca güclü data mərkəzi infrastrukturu qurmağa başladığını qeyd etdiyini xatırladıb. O bildirib ki, Qazaxıstan bu istiqamətdə milyonlarla həcmində investisiyalar cəlb edib.
Osman Gündüz hesab edir ki, Azərbaycan da öz təşəbbüsü ilə formalaşan rəqəmsal dəhlizin iqtisadi imkanlarından daha fəal yararlanmalıdır.
Onun fikrincə, kabelin Azərbaycanda quruya çıxdığı Sumqayıt şəhəri bu baxımdan xüsusi imkanlar əldə edir.
Osman Gündüz vurğulayıb ki, etibarlı və rəqabətədavamlı enerji təminatı, beynəlxalq bağlantı imkanları və əlverişli investisiya mühiti bir araya gətirilərsə, Sumqayıt mövcud sənaye potensialı ilə yanaşı, regional rəqəmsal mərkəz kimi də inkişaf edə bilər.
Forum rəhbəri bildirib ki, hazırda aidiyyəti dövlət qurumları və özəl sektor qarşısında konkret vəzifələr dayanır. Əsas məsələ yeni infrastruktur əsasında hansı qlobal şirkətlərin Azərbaycana cəlb ediləcəyi, hansı rəqəmsal xidmətlərin ixrac olunacağı və ölkədə hansı yeni iş yerlərinin yaradılacağıdır.
Onun qənaətinə görə, Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə verilməsi mühüm başlanğıcdır. Növbəti mərhələdə əsas hədəf bu bağlantını daha yüksək iqtisadi dəyər yaradan rəqəmsal xidmətlərə, investisiyalara və yeni texnoloji bizneslərə çevirmək olmalıdır.
Vural










