Travmatik reallıqdan yayınmaq üsulu: Vacib problemlər arxa plana keçir - AÇIQLAMA
İnsanların əsas, həyati əhəmiyyətli problemlər əvəzinə xırda, səthi və ikinci dərəcəli mövzuları müzakirə etməsi fenomeni qaçış psixologiyası ilə bağlıdır.

Bunu ERAmedia-ya açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, insan dərin problemlərlə üzləşəndə psixika özünü qoruma mexanizmi kimi diqqəti daha təhlükəsiz mövzulara yönəldir.
“Yəni xırda məsələlərin müzakirəsi bəzən sadəcə laqeydlik yox, şüuraltı qorunma davranışıdır. Sosial psixologiyada bu hal kollektiv inkar anlayışı ilə də izah olunur. Kütlə problemin mövcudluğunu görsə də, onu açıq şəkildə qəbul edib üzərinə getmək əvəzinə, diqqəti əhəmiyyətsiz mövzulara yayır. Bu, travmatik reallıqdan yayınmaq üsuludur. Digər tərəfdən, bu proses kütləvi deqradasiya ilə əlaqələndirilir. Yəni cəmiyyət böyüklərə xas məsuliyyətli düşüncə əvəzinə, uşaqvari emosional və səthi maraqlara yönəlir. Bu, adətən təhsil səviyyəsinin zəiflədiyi, tənqidi düşüncənin azaldığı mühitlərdə güclənir”, – deyə o əlavə edib.
M.Zeynalova qeyd edib ki, müasir dövrdə bu fenomen daha çox sosial şəbəkələr vasitəsilə informasiya bolluğu nəticəsində dərinləşib.
“Yəni, informasiya ilə boğulma və səthi ictimai şüur forması alıb. İnsanlar real problemləri analiz etmək əvəzinə trend mövzular, qalmaqallar, məşhur şəxslərin həyatı və xırda emosional hadisələr üzərində fokuslanırlar”, – deyə o bildirib.
Mələk Onur









