media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall
media-maxresdefault
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Hazırda respublikamızda, əsasən də Bakıətrafı kanalizasiya şəbəkəsi ilə tam təmin edilməmiş ərazilərdə əhalinin daimi məskunlaşması sürətlə artmaqdadır. Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarına rast gəlinir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən ERAmedia– ya verilən məlumata görə, mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan istifadə etməli, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrində əmələ gələn tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu, dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.

Tullantı suların düzgün idarə olunması yalnız ətraf mühitin mühafizəsi deyil, bütövlükdə cəmiyyətin sağlamlığı, su obyektlərinin qorunması və su bioresurslarına mənfi təsirlərin qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmamış ərazilərdə qanunvericiliyin tələblərinə əməl edilməli, təhlükəsiz və ekoloji baxımdan zərərsiz üsulların tətbiqi ilə su və su təsərrüfatı obyektləri çirklənmədən mühafizə olunmalıdır.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər