Tumbul kəndində əhali ilə görüş keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Tumbul kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə görüşüb.
ERAmedia xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər. Qəbula başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, həmçinin həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulayıb.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edib. Bildirib ki, Dövlət Proqramına əsasən ötən dövrlərdə olduğu kimi bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra görüş zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, onların müraciət və təklifləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən müvafiq iş ilə təmin olunmasından, sosial yardımın verilməsindən, əkin sahələrini suvarmaq üçün suvarma suyunun verilmədiyindən, mərasim evinin tikilməsi üçün köməklik göstərilməsindən, mülkiyyət hüququ pozulduğu üçün torpaq sahəsinin verilməsindən və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şəxslərlə birgə bir sıra ərazilərə baxış keçirib, lazımi işlərin görülməsi üçün tapşırıqlar verib.
Görüşdə iştirak edənlər müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.