“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib
Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin birgə təşkilatçılığı ilə Bakıda “Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib.
ERAmedia xəbər verir ki, konfransın açılışında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı TDT ölkələrinin iqtisadi potensialı və əməkdaşlıq perspektivlərindən danışıb.
O, ticarət və investisiya əlaqələrinin, logistika imkanlarının və Orta Dəhlizin inkişaf etdirilməsini, maliyyə və ixrac potensialından səmərəli istifadəni, rəqəmsal transformasiya və innovasiyaların təşviqini əsas prioritetlər kimi qeyd edib.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, təşkilatın üzv və müşahidəçi ölkələrinin ümumi əhalisi 180 milyon nəfərdir. Onun sözlərinə görə, bu göstərici Türk dövlətlərinin iqtisadi potensialının miqyasını və həmin potensialın ümumi rifaha çevrilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini göstərir.
Milli Məclis sədrinin müavini Musa Qasımlı türk xalqlarının birliyinin dövlət başçılarının fəaliyyəti sayəsində daha da möhkəmləndiyini bildirib. O, ortaq türk dilinin formalaşdırılmasını, ümumi tarix, mədəniyyət və köklərin Türk dünyasını birləşdirən əsas amillər olduğunu vurğulayıb.
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Orta Dəhlizin Türk dünyasının coğrafi və iqtisadi əlaqələrinin gücləndirilməsində mühüm rol oynadığını bildirib. O qeyd edib ki, marşrut üzrə yükdaşımaların həcminin qarşıdakı dövrdə üç dəfəyə qədər artması tranzit imkanlarının genişlənməsinə, ticarət dövriyyəsinin və regional iqtisadi əməkdaşlığın artmasına mühüm töhfə verə bilər.
Daha sonra tədbirin panel müzakirələri başlayıb.
Birinci panel “Orta Dəhliz regional inteqrasiya və infrastruktur yönümlü inkişaf üçün katalizator kimi” mövzusuna həsr olunub.
Panel çərçivəsində Orta Dəhlizin 2040-cı ilədək Türk dünyasının strateji nəqliyyat və iqtisadi dayağına çevrilməsi, infrastruktur və gömrük sistemlərinin uyğunlaşdırılması, logistikanın səmərəliliyinin artırılması və regional dəyər zəncirlərinin formalaşdırılması məsələləri müzakirə olunub. Həmçinin Orta Dəhlizin ticarət yollarının şaxələndirilməsi və Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi dayanıqlığının gücləndirilməsində rolu vurğulanıb.
İkinci panel “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: tendensiyalar və istifadə olunmamış imkanlar” mövzusuna həsr olunub.
Paneldə 2040-cı ilədək daha inteqrasiya olunmuş iqtisadi məkanın yaradılması, ticarət və gömrük sistemlərinin uyğunlaşdırılması, iqtisadi maneələrin azaldılması və innovasiyayönümlü iqtisadi inkişaf məsələləri müzakirə edilib. Türk İnvestisiya Fondunun rolu, həmçinin rəqəmsal ticarət, elektron gömrük, fintech, insan kapitalı və əmək mobilliyi məsələləri nəzərdən keçirilib.
Konfransın üçüncü paneli “Davamlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzusuna həsr olunub.
Paneldə vahid rəqəmsal ticarət ekosistemi, süni intellekt, rəqəmsal infrastruktur və məlumatların idarə olunması məsələləri müzakirə edilib. Eyni zamanda, startaplar, tədqiqat əməkdaşlığı, texnoparklar, birgə innovasiya fondları və insan kapitalına investisiyaların artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Panel sessiyalarında 10-na yaxın ölkədən 30-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış alimlər və beynəlxalq ekspertlər çıxış ediblər.
Qeyd edək ki, tədbir yüksək səviyyəli beynəlxalq platforma kimi dövlət qurumlarının nümayəndələrini, aparıcı analitik mərkəzlərin rəhbərlərini, akademik dairələri, beynəlxalq təşkilatların təmsilçilərini, maliyyə institutlarını və biznes ictimaiyyətini bir araya gətirib. Konfransın məqsədi yalnız elmi və analitik müzakirələrin təşkili deyil, həm də Türk dünyasında uzunmüddətli tədqiqat şəbəkələrinin formalaşdırılması, ekspertlər arasında davamlı dialoqun inkişaf etdirilməsi və siyasət qərarlarının elmi əsaslarla dəstəklənməsinə töhfə verməkdir.










