media-turist-baki_0

Bu ilin ilk 7 ayında Azərbaycana 1 milyon 342 min turist səfər edib.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, turist axınında Rusiya və Türkiyə vətəndaşları üstünlük təşkil etsə də, Türk dövlətlərindən gələn turistlərin sayında da diqqətçəkən dinamika müşahidə olunur.

Deputatın sözlərinə görə, hesabat dövründə Azərbaycana gələn turistlərin 28,3 faizi Rusiya, 20 faizi isə Türkiyə vətəndaşlarının payına düşüb.

Vüqar Bayramov qeyd edib ki, ümumi turist axınının təxminən 30 faizi Türk dövlətlərinin vətəndaşlarının payına düşür. Bu isə Azərbaycana səfər edən təxminən hər üç turistdən birinin Türk dünyasını təmsil etdiyini göstərir.

“Bu müddətdə Azərbaycana Qazaxıstandan 61 min 759, Özbəkistandan isə 42 min 963 turist səfər edib. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu qardaş ölkədən Azərbaycana turist axınının daha da artacağı gözlənilir”, – deputat bildirib.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq Müqaviləsi müxtəlif sahələrlə yanaşı, turizm sektorunda əməkdaşlığın inkişafına da mühüm töhfə verə bilər.

“Türk dövlətləri arasında strateji tərəfdaşlığın daha da güclənməsi turizm sahəsində əməkdaşlığa da xüsusi fayda verir. Qarşılıqlı səfərlərin, birgə turizm layihələrinin və nəqliyyat bağlantılarının genişləndirilməsi Türk dünyası daxilində turist mübadiləsinin artmasına imkan yaradır”, – deyə deputat qeyd edib.

Deputatın sözlərinə görə, rəsmi statistikada Körfəz ölkələrindən gələn turistlərin sayında 32,8 faiz azalma qeydə alınıb. Onun fikrincə, bu azalmanın əsas səbəblərindən biri regionda yaşanan İran münaqişəsinin yaratdığı regional təsirlərdir.

Eyni zamanda, Avropa İttifaqı ölkələrindən Azərbaycana gələn turistlərin sayında 8 faizlik artım qeydə alınıb. MDB ölkələrindən gələnlərin sayında isə 1,6 faiz artım müşahidə edilsə də, bu istiqamətdə ciddi dəyişiklik baş verməyib.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanın turizm potensialının genişləndirilməsi, xüsusilə Türk dövlətləri və Avropa ölkələri ilə turizm əlaqələrinin gücləndirilməsi qarşıdakı dövrdə ölkəyə turist axınının daha da artırılmasına imkan verə bilər.


media-adspc

Bənzər xəbərlər