Türk dünyasının dini liderlərinin Bakıda bir araya gəlməsi mühüm əhəmiyyət daşıyır
Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov ERAmedia-ya açıqlamasında bildirib ki, bu görüş Azərbaycanın Türk dünyası və İslam aləmi ilə əlaqələrinin inkişafı baxımından mühüm hadisədir.
Onun sözlərinə görə, eyni vaxtda Bakıda TDT Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
“Prezident İlham Əliyev də bu iki tədbirin eyni vaxtda keçirilməsinin böyük məna daşıdığını vurğulayıb. Dövlət başçısının “Bu iki tədbirin eyni vaxtda Bakıda keçirilməsinin böyük mənası var” fikrinin arxasında Azərbaycanın zəngin mənəvi irsi, eləcə də ölkəmizin Türk və İslam dünyası ilə əlaqələrinin daha da gücləndirilməsi dayanır”, – deyə Xanoğlan Əhmədov qeyd edib.
Xanoğlan Əhmədov Prezident İlham Əliyevin çıxışında Seyid Yəhya Bakuvinin Azərbaycan tarixindəki roluna diqqət çəkməsini də xüsusi əhəmiyyətli məqam kimi dəyərləndirib. O bildirib ki, dövlət başçısının “Seyid Yəhya Bakuvi onlardan biridir. XV əsrdə yaşayıb-yaratmış Yəhya Bakuvi çox böyük bir iz buraxmışdır” fikirləri bu böyük mütəfəkkirin irsinin əhəmiyyətini bir daha ortaya qoyur.
Onun fikrincə, Seyid Yəhya Bakuvi yalnız Azərbaycan üçün deyil, ümumilikdə Türk və İslam dünyası üçün mühüm mənəvi şəxsiyyətlərdən biridir. Onun irsinin müxtəlif ölkələrdən gələn alimlər və din xadimləri tərəfindən beynəlxalq konfrans çərçivəsində müzakirə olunması Azərbaycan tarixinin və mənəvi dəyərlərinin beynəlxalq miqyasda tanıdılması baxımından əhəmiyyətlidir.
Xanoğlan Əhmədov TDT ölkələrinin dini liderlərinin Bakıda bir araya gəlməsinin də mühüm mesaj daşıdığını vurğulayıb. O qeyd edib ki, bu cür görüşlər müxtəlif ölkələrin dini qurumları arasında əlaqələrin möhkəmlənməsi, ortaq dəyərlərin qorunması və qarşılıqlı fikir mübadiləsinin aparılması üçün geniş imkanlar yaradır.
“ müasir dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Sülhün, qarşılıqlı hörmətin, tolerantlığın və insanlar arasında anlaşmanın gücləndirilməsində onların mühüm rolu var. Azərbaycan bu baxımdan öz tarixi və müasir təcrübəsi ilə diqqət çəkir. Ölkəmiz əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin bir arada yaşadığı məkan olub. Bu ənənənin bu gün də davam etdirilməsi Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir”, – deyə Xanoğlan Əhmədov bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevin görüş zamanı qonaqlara müraciətlə dediyi “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi də ölkəmizin bu cür beynəlxalq və mənəvi tədbirlərə açıq münasibətini göstərir.
Xanoğlan Əhmədovun sözlərinə görə, belə görüşlərin əsas məqsədlərindən biri insanları bir-birinə yaxınlaşdırmaq, ortaq dəyərləri ön plana çıxarmaq və müxtəlif ölkələrin dini və ictimai qurumları arasında əməkdaşlığı gücləndirməkdir.
“Xüsusilə Türk dünyasının müxtəlif ölkələrindən dini liderlərin Bakıda bir araya gəlməsi göstərir ki, qardaş xalqlar arasında əlaqələr yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Mənəvi, mədəni və dini bağlar da bu münasibətlərin mühüm hissəsidir”, – deyə o vurğulayıb.
O bildirib ki, Azərbaycanın paytaxtı Bakının belə tədbirlərə ev sahibliyi etməsi ölkənin tarixi-mədəni irsinin təbliği baxımından da vacibdir. Onun fikrincə, Bakı bu gün Türk dünyasının və İslam aləminin müxtəlif nümayəndələrinin fikir mübadiləsi apardığı mühüm şəhərlərdən biri kimi çıxış edir.
Xanoğlan Əhmədov hesab edir ki, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması bu prosesə mühüm töhfə verə bilər.
“Belə şəxsiyyətlərin irsi bizi yalnız tariximiz haqqında deyil, həm də mənəvi dəyərlərimiz haqqında düşünməyə vadar edir. Bu baxımdan sentyabrın 15-də keçirilən görüşü Türk dünyası, İslam dünyası və Qafqazın dini və ictimai qurumları arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli hadisə hesab edirəm”, – deyə Xanoğlan Əhmədov qeyd edib.
O, əsas məsələnin bu cür görüşlərin davamlı xarakter alması və əldə olunan imkanların real əməkdaşlıq layihələrinə çevrilməsi olduğunu bildirib.
“Alimlərin, din xadimlərinin, ictimai təşkilatların və gənclərin birgə layihələrdə iştirakı bu dialoqu daha da genişləndirə bilər. Bakı tarixən müxtəlif mədəniyyətlərin görüşdüyü şəhər olub. Bu gün də Azərbaycanın paytaxtında Türk və İslam dünyasının nümayəndələrinin bir araya gəlməsi həmin ənənənin davam etdiyini göstərir”, – deyə Xanoğlan Əhmədov əlavə edib.
Vüsalə









